Almaniyanın sabiq futbolçusu, İngiltərənin "Mançester Yunayted" komandasının keçmiş yarımmüdafiəçisi Bastian Şvaynştayger Joze Mourinyonun rəhbərliyi altında yaşadığı çətin dövrdən danışıb.
İdman.Biz xəbər verir ki, Şvaynştayger 2016-cı il Avropa çempionatından sonra komandaya qayıdarkən əsas heyətin paltardəyişmə otağından istifadəsinə icazə verilmədiyini və 16 yaşadək futbolçulardan ibarət komanda ilə məşqə göndərildiyini açıqlayıb.
Şvaynştaygerin sözlərinə görə, Mourinyo onun Almaniyaya qayıtmaq istədiyini düşünüb. Sabiq yarımmüdafiəçi isə yalnız klubla razılaşdırılmış bərpa proqramına əməl etdiyini bildirib:
"Təxminən üç ay ayrıca məşq etdim, amma yenə də başqa bir şans qazanacağıma ümid edirdim. Sonradan klubun mənim getməyimi istədiyi aydın oldu. MLS-ə keçməzdən əvvəl Mourinyo hər şeyin bu şəkildə başlamasına görə məndən üzr istədi".