İspaniyalı futbol meneceri Xavi Bonaventura Sans UEFA Çempionlar Liqasının əsas mərhələsinin beşinci turunda keçiriləcək "Sabah" - "Barselona" oyunu, Azərbaycan futbolunun inkişaf perspektivləri və yerli futbolçuların İspaniya çempionatında çıxış etmək imkanları barədə fikirlərini bölüşüb.
İdman.Biz onun AZƏRTAC-a verdiyi müsahibəni təqdim edir.
- Bu gün "Barselona" Bakıda "Sabah"la qarşılaşacaq. Oyun barədə fikirləriniz maraqlıdır...
- Məncə, "Barselona" UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinə birbaşa vəsiqə qazanmaq yolunda mühüm addım atmaq üçün yaxşı şansa malikdir. Bununla belə, hesab edirəm ki, bu qarşılaşma daha çox diqqətə layiqdir. Matç həm taktiki, həm də futbolçuların fərdi çıxışlarının təhlili baxımından bir sıra maraqlı məqamlarla diqqət çəkir.
- "Sabah" komandası haqqında nə bilirsiniz?
- "Sabah" 2017-ci ildə yaradılmış gənc klubdur və qısa müddətdə əhəmiyyətli inkişaf yolu keçib. Ötən mövsüm Azərbaycan çempionu olmaqla yanaşı, ölkə kubokunu da qazanıb. Komandada diqqətçəkən üç əsas məqam var. Birincisi, komandaya 2025-ci ilin iyunundan litvalı baş məşqçi Valdas Dambrauskas rəhbərlik edir. İkincisi, komanda əsasən 4-2-3-1 taktiki sxemindən istifadə edir, topa nəzarət edərək hücum qurmağa üstünlük verir. Üçüncüsü isə fərdi keyfiyyətləri ilə seçilən futbolçulardır. Bu mövsüm 12 qol vuran hücumçu Coy-Lens Mikels və komandanın əsas hücumameyilli oyunçularından biri olan Velko Simiç xüsusi seçilirlər. "Sabah"ın 90 dəqiqə ərzində yalnız müdafiəyə çəkiləcəyi gözlənilmir. Baş məşqçi komandasının fəal, cəsarətli və hücumameyilli futbol sərgiləməsini istədiyini açıq şəkildə ifadə edib.
- Sizcə, bu qarşılaşmada sürpriz gözləmək mümkündür?
- Fərdi futbolçu keyfiyyətləri, Avropa təcrübəsi və heyət dərinliyi baxımından "Barselona"nı aşkar favorit hesab edirəm. Bununla belə, kataloniyalıların işini çətinləşdirə biləcək iki amil var: Bakıya uzun səfər və Lamin Yamalın yoxluğu. Futbol baxımından proqnozum budur ki, "Barselona" meydanda üstünlüyə malik olacaq, çoxsaylı qol imkanları yaradacaq, "Sabah" isə əks-hücumlarla rəqibin müdafiəsindəki boşluqlardan yararlanmağa çalışacaq. Mənim proqnozum "Barselona"nın 3:1 hesablı qələbəsidir. Bununla belə, nəticə ilk 30 dəqiqədə komandaların qol imkanlarından nə dərəcədə səmərəli istifadə etməsindən də asılı olacaq.
- Azərbaycan futbolu ilə bağlı hansı məlumatlara sahibsiniz?
- Azərbaycan futbolu İspaniyadan göründüyündən daha maraqlıdır. Fikrimcə, hazırda inkişaf etməkdə olan bir futbol bazarından danışırıq. Bəzi klublara yatırılan investisiyalar, beynəlxalq arenada tanınmaq istəyi və futbol infrastrukturunun inkişafı istiqamətində atılan addımlar diqqət çəkir. Bununla yanaşı, Azərbaycan futbolunun hələ də böyük inkişaf potensialı var.
- Hansı azərbaycanlı futbolçuları tanıyırsınız?
- Mahir Emreli, Emin Mahmudov, Elvin Cəfərquliyev və Toral Bayramovun adlarını qeyd edə bilərəm.
- Sizcə, azərbaycanlı futbolçular İspaniya çempionatında çıxış edə bilərlər?
- Hesab edirəm ki, bəzi azərbaycanlı futbolçular fərdi keyfiyyətlərindən asılı olaraq İspaniya La Liqasında, eləcə də Birinci Liqada oynamaq potensialına malikdirlər.