Azərbaycan təmsilçilərinin Çexiyanın paytaxtı Praqada keçirilmiş Avropa Açıq Turnirinin medal sıralamasında ikinci olması ölkə cüdosu üçün növbəti uğurdur.
Bu barədə "Report"a cüdo üzrə kişilərdən ibarət millinin böyük məşqçisi Elxan Məmmədov açıqlama verib.
44 yaşlı mütəxəssis yığma üzvlərinin yarışdakı çıxışı ilə bağlı danışıb:
"Bu turnir komandamız üçün uğurlu alındı. Azərbaycan millisi Praqada təkcə kişilərlə təmsil olunurdu. 1 qızıl, 2 gümüş və 1 bürünc medalla yarışı kişilər arasında ikinci sırada bitirdik. Bu da Azərbaycan cüdosu üçün növbəti uğurdur".
E.Məmmədov turnirdə beş çəki dərəcəsində mübarizə apardıqlarını xatırladıb:
"Mükafat qazanan idmançılarımızı təbrik edirəm. Yarışda 38 ölkədən 400-dən çox cüdoçu çıxış edirdi. Onların arasında güclü idmançılar da var idi. Millimiz bu yarışda həqiqətən çox gözəl nəticə göstərdi. Qarşıdakı turnirlərdə daha yaxşı nailiyyətlər qazanacağımıza inanıram".
Xatırladaq ki, Azərbaycan millisi Avropa Açıq Turnirinini 1 qızıl, 2 gümüş və 1 bürünc olmaqla ümumilikdə 4 medalla başa vurub. Elşən Əsədov (66 kq) qızıl, Rəşad Yelkiyev (66 kq) və Əjdər Bağırov (100 kq) gümüş, Kamran Süleymanov (73 kq) isə bürünc mükafata sahib çıxıb. Yığma komanda hesabında altıncı yeri tutub, kişilər arasında isə Fransa ilə ikinci-üçüncü pillələri bölüşüb.