"Döyüşüm əla keçdi, ağlımda olan bütün planlarımı həyata keçirə bildim".
Oxu.Az xəbər verir ki, bunu azərbaycanlı MMA döyüşçüsü Tahir Abdullayev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, əslində məqsədi ikinci raundda rəqibi məğlub etmək olub:
"Əslində, fikrim daha tez qalib gəlmək idi, lakin döyüş üç raund keçdi. Əsas odur ki, nəticədə qələbə mənim oldu. Əsas bazam sərbəst güləşdir. Qafqaz millətləri ilə həmişə yaxşı münasibətim olub. Dağıstanda məşq keçdim, yarışa orada hazırlaşdım. Onların güləşdə nə qədər yaxşı olduğunu hamımız bilirik. Çəkidə problem diyetoloqun səhvindən oldu, çox əziyyət çəkdim. Çəkidə 450 qram artığım oldu, buna görə qonorarımın 20 faizindən məhrum oldum.
Mən istənilən döyüşçü ilə rinqdə rəqib oluram. Lakin döyüşdən sonra idmançıya hörmət edirəm. Döyüş çox sərt keçir və sonra münasibəti saxlamaq üçün rəqibə hörmət göstərmək lazımdır. Azarkeşlərin döyüşdən əvvəl yüksək dəstəyini istəyirəm. Bu bizim motivasiyamızın yüksəlməsi üçün çox vacibdir. Bəzi səhifələr idmançının məğlubiyyətindən sonra paylaşımlar edir, lakin o döyüşə hazırlaşan vaxt keçirdiyi perioddan heç kimin xəbəri olmur".
Tahir Abdullayev "Sabah" - "Barselona" oyunu haqqında fikirlərini bölüşüb:
"Axşam oyunu mən də izləyəcəm. Əvvəldən Messinin fanatı olmuşam. Elə ona görə də "Barselona"nın oyunlarını izləmişəm. Hazırda Rusiyadayam, amma Azərbaycanda olsaydım, mütləq "Sabah"a dəstək olardım. Aeroportda "Barselona"nı qarşılamağa gedən azarkeşlərə səslənmək istəyirəm ki, bu oyunda öz komandamıza dəstək olmaq lazımdır".
Qeyd edək ki, Tahir Abdullayev Qətərin paytaxtı Dohada keçirilən UFC turnirində avstraliyalı Ceyk Mettyusu üç raundun yekununda hakimlərin yekdil qərarı ilə məğlub edib.
Xatırladaq ki, Abdullayev UFC-də debütünü 2026-cı ilin iyununda Bakıda keçirilən turnirdə edib və braziliyalı Cefferson Nasimentoya qalib gəlib.