UFC-də (Mütləq Döyüş Çempionatı) növbəti qələsini qazanan Tahir Abdullayev onlayn mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Sportify.az xəbər verir ki, 29 yaşlı idmançı əvvəlcə fikirlərini bölüşüb:
– Bütün planlarımızı yerinə yetirdik. Əsas məqsədimiz qələbə qazanmaq idi və buna nail olduq. Fikrimcə, döyüşü ikinci raundda başa vurmalı idik. Lakin bu, alınmadı və üçüncü raundadək mübarizə apardıq. Hər üç raundda üstün tərəf biz idik.
– UFC-də ardıcıl səkkizinci qələbəni qazanmaq hansı hissləri yaşadır?
– Əla hisslər keçirirəm. Hər bir insanın arzuları və məqsədləri olur. Mən də 15 yaşımdan məşq edirəm və UFC-də döyüşmək arzusuyla böyümüşəm. Bu təşkilata düşmək və burada qələbə qazanmaq mənim üçün böyük xoşbəxtlikdir.
– Bu dəfə Ruslan Afoniyevlə qarşılaşdın. Rəqib seçimi necə baş tutdu?
– Ruslan Afoniyev əslində Bakıda döyüşməli idi. Mən isə Moskvada yaşayıram və orada öz komandam var. Mübariz İbrahimovun adını daşıyan klub açmışıq. İdmançılarımız və məşq prosesimiz də oradadır.
– Hazırlıq prosesi necə keçdi? Dağıstanlı döyüşçülərlə münasibətlərin və çəki salmaq prosesi barədə nə deyə bilərsən?
– Mənim əsas bazam sərbəst güləşdir. Daha sonra döyüş sambosu və sambo üzrə məşqlər keçmişəm. Dağıstan, Moskva və ümumilikdə Qafqaz xalqlarının nümayəndələri ilə münasibətlərim hər zaman yaxşı olub. Çoxlu tərəfdarım var, bir çox döyüşçünü tanıyıram. Hazırlığın ilk mərhələsini Bakıda, ikinci mərhələsini isə Dağıstanın Mahaçqala şəhərində keçirdim. Orada iki-üç həftə məşq etdikdən sonra yenidən şəhərə qayıtdım.
– Döyüşdən əvvəl çəki salmaqda çətinliklər yaşadın. Bunun səbəbi nə idi?
– Çəki ilə bağlı müəyyən çətinliklər yarandı. Yəqin ki, dietoloqun səhvləri də buna təsir etmişdi. Amma şükürlər olsun ki, vəziyyətdən çıxa bildim. Həqiqətən də çox əziyyət çəkdim. Avqustda jurnalistlərə də müsahibə verərək səhər saat 8-dən 9-a qədər çəkisalma prosesi ilə bağlı yaşadıqlarımı danışmışdım. Təxminən bir saat məşq zalında vaxt keçirdim, amma cəmi 50 qram çəki itirdim. Bəzi məlumatlarda bir kiloqram artıq çəkim olduğu yazılırdı. Əslində isə 450 qram artıq çəkim var idi. Lazımi çəkiyə düşmək üçün əlimdən gələni etdim.
– Döyüşdəki performansından razı qaldınmı?
– Əlbəttə. Təkcə mən deyil, məşqçilərim də çıxışımdan razı qaldılar. Döyüş çox yaxşı və səliqəli keçdi. Heç bir tərəddüdə yol vermədik.
– Üçüncü raunddan əvvəl rəqibinlə aranızda maraqlı bir epizod yaşandı. Həmçinin döyüşdən sonra bir-birinizin əlini qaldırdınız. Həmin anı necə şərh edərdin?
– Bəli, rəqiblə münasibətlərimizə gəlincə, döyüş zamanı rəqibik. Bəlkə də həmin an bir-birimizə düşmən kimi yanaşırıq. Amma 10 dəqiqəlik gərgin mübarizədən, iki raund davam edən döyüşdən sonra rəqibə hörmətlə yanaşmaq lazımdır. Onunla keçirdiyim döyüşdən razı qaldım.
– Döyüşdən sonra bildirmişdin ki, gördüyümüz performans sənin potensialının cəmi 50 faizidir. Bəs 100 faizlik hazırlığını nə vaxt görə biləcəyik?
– Buna cavab vermək çox çətindir. Əslində, 100 faizlə döyüşmək mümkün deyil. Mən nəyə qadir olduğumu özüm daha yaxşı bilirəm. Bunu göstərmək isə bir çox amildən asılıdır. Hazırlıq prosesi, vaxt, zədələr və digər məqamlar böyük rol oynayır. Peşəkar idmanda zədələr qaçılmazdır. Bu döyüşə hazırlaşarkən də müəyyən zədələr yaşadım və onların sağalması ilə bağlı problemlər oldu. Çəki salmaq prosesi də hazırlığımıza təsir göstərdi. Bəzən hansı çətinliklərdən keçdiyimizi, hansı zədələrlə mübarizə apardığımızı kənardan görmək mümkün olmur. Hər şey bədənin vəziyyətindən asılıdır. Bəzən orqanizm müəyyən məqamda yorulur və daha artığına imkan vermir. İnşallah, hər döyüşdə hazırlıq səviyyəmizi 5-10 faiz artırmağa çalışacağıq.
– Bütün bunların sonunda UFC çempionluğu hədəfinə çatmaq mümkündürmü?
– İnşallah, bu, bizim nəsibimizdə varsa, mütləq olacaq. Həmin məqsədə doğru irəliləyirik. Həmişə UFC-yə düşmək arzum olub və buna nail oldum. Daha sonra məqsədim burada döyüşlər qazanmaq idi. Hazırda bu istiqamətdə irəliləyirik. Qarşıda başqa arzularımız və hədəflərimiz də var. Onları da həyata keçirəcəyik.
– Sənin və UFC-də çıxış edən digər azərbaycanlı döyüşçülərin uğurları ölkəmizdə bu idman növünə marağı artırıb. Gələcəkdə karyeranı başa vurduqdan sonra Azərbaycanda MMA-nın inkişafına töhfə vermək, yeni döyüşçülərin yetişməsinə kömək etmək planın varmı?
– Biz bununla təkcə karyeramızı başa vurduqdan sonra məşğul olmağı düşünmürük. Elə indi də bu istiqamətdə çalışırıq. Döyüşlərimiz, gənc nəslin nümayəndələri var. Onlara yol göstərir, necə inkişaf etməli olduqlarını izah edir və dəstək olmağa çalışırıq.
Bahar Rüstəm