Kanada himnini səhv ifa edən müğənni Sarra Strimel Bentli çıxışına görə üzr istəyib.
O, MHL-də "Nyu-York Aylanders" – "Toronto" (2:4) matçından əvvəl Kanada himnini ifa edərkən "Sənin üçün keşik çəkirik" əvəzinə "Sənə ürəyimizi veririk" sözlərini səsləndirib. "Toronto"nun kapitanı Ostin Metyuzun səhvə qeyri-adi reaksiyası kameralara düşüb.
Bentli sosial şəbəkələrdəki müraciətində 18 min tamaşaçı qarşısında əvvəllər heç vaxt eşitmədiyi himni ifa etməyin çox qorxulu olduğunu bildirib. O, sözləri səhv saldığı üçün kanadalılardan üzr istəyib və süd vəzi xərçəngindən sonra menopauza başladığını, bunun da yaddaşına mənfi təsir göstərdiyini qeyd edib.
"Xahiş edirəm, mənə bir qədər anlayışla yanaşın. Mən də sadəcə insanam. Bir daha üzr istəyirəm", – deyə müğənni bildirib.
Bentli müraciətinin sonunda Kanada himninin düzgün sözlərini səsləndirib: "Səxavətinizə görə təşəkkür edirəm. Kanadanı sevirəm. Sənin üçün keşik çəkirik".