"Real Madrid" və "Barselona"nın sabiq futbolçusu Luiş Fiqu kataloniyalıların gənc ulduzu Lamin Yamalın istedadını yüksək qiymətləndirib.
İdman.Biz AS nəşrinə istinadən xəbər verir ki, 2000-ci ilin "Qızıl top" mükafatçısı bazar günü keçiriləcək El-Klasiko ərəfəsində "Betfair"in "Figosofadas" proqramında maraqlı fikirlər səsləndirib.
Portuqaliyalı sabiq futbolçu Lamin Yamalla eyni komandada oynasaydı, meydandakı mövqeyini dəyişməli ola biləcəyini zarafatla dilə gətirib:
"Əgər birlikdə oynasaydıq, bəlkə də sol cinaha keçməli və mövqeyimi dəyişməli olardım".
Hər iki İspaniya nəhənginin formasını geyinmiş Fiqu "Barselona"dakı ilk illərini də xatırlayıb. O, kataloniyalı kluba qoşularkən təxminən 22 yaşında olduğunu və ilk vaxtlar müntəzəm oynamaq imkanı qazanmadığını söyləyib.
2000-ci ildəki səviyyəsində olsaydı, hazırkı "Real Madrid" və ya "Barselona"nın əsas heyətində oynayıb-oynamayacağı barədə suala isə Fiqu zarafatla cavab verib:
"Bu komandalardan hər hansı birinin baş məşqçisi olsaydım, özümü əsas heyətə daxil edərdim".