"Formula-1" üzrə "Red Bull" komandasının sabiq müşaviri Helmut Marko "Mercedes"in 28 yaşlı britaniyalı pilotu Corc Rassellin gələcəyi ilə bağlı fikirlərini bölüşüb.
İdman.Biz F1oversteer-ə istinadən xəbər verir ki, Marko Rassellin yenidən komandanın birinci pilotu statusunu qazanacağına və dünya çempionu olmaq imkanı əldə edəcəyinə şübhə ilə yanaşır.
"Bu, şübhəsiz ki, çox böyük və ciddi psixoloji zərbədir. Rassell artıq birinci nömrə deyil. Bu mövqeyi açıq şəkildə Andrea Kimi Antonelli tutub. Rassell aparıcı pilotlardan biri idi. Onun nə vaxtsa yenidən dünya çempionu olmaq şansı qazanacağına və ya başqa yerdə birinci nömrə statusuna yüksələcəyinə şübhə edirəm", - deyə Marko bildirib.
2026-cı il mövsümünün 17 mərhələsindən sonra Rassell 238 xalla şəxsi hesabda ikinci yerdədir. Onun komanda yoldaşı Antonelli isə 340 xalla liderdir.