Azərbaycanın gənc şahmatçısı Xaqan Əhməd növbəti beynəlxalq uğura imza ataraq ikinci qrossmeyster (GM) normasını yerinə yetirib.
İdman.Biz xəbər verir ki, şahmatçımız bu nəticəyə Qazaxıstanın Atırau şəhərində keçirilən "Atyrau Masters 2026" beynəlxalq turnirində nail olub.
Yarışda doqquz partiyadan altı xal toplayan Xaqan Əhməd beş qələbə qazanıb, iki görüşü heç-heçə başa vurub və iki dəfə məğlub olub. O, turnirin yekun sıralamasında altıncı yeri tutub.
2524 FIDE reytinqi ilə yarışa başlayan Azərbaycan təmsilçisinin turnir performansı 2624 xal təşkil edib. Bununla da o, ikinci qrossmeyster normasını yerinə yetirib.
2011-ci il təvəllüdlü Xaqan Əhməd yeniyetmələr arasında dünya və Avropa çempionatlarının mükafatçısıdır. O, 2023-cü ildə 12 yaşadək şahmatçıların dünya çempionatında bürünc medal qazanıb.
2025-ci ildə Monteneqroda keçirilən yeniyetmələr arasında Avropa çempionatının qalibi olan şahmatçımız 2026-cı ildə İtaliyanın Montesilvano şəhərində təşkil edilən 16 yaşadək şahmatçılar arasında dünya çempionatında da qızıl medala sahib çıxıb. Həmin yarışda 11 turdan 9,5 xal toplayaraq dünya çempionu olub.
Xaqan Əhməd 2025-ci ildə Londonda keçirilən komandalararası dünya çempionatında tanınmış amerikalı qrossmeyster Hikaru Nakamuranı məğlub etməsi ilə də diqqət çəkib.