top
Dmitri Neçay: Azərbaycanda bilyard öz gücümüzlə inkişaf edir, çünki nə məşqçi, nə də sistem var Idman.biz
11 oktyabr 2025, 17:49
- +

Dmitri Neçay: Azərbaycanda bilyard öz gücümüzlə inkişaf edir, çünki nə məşqçi, nə də sistem var

Bilyard üzrə Azərbaycan millisinin üzvü və ölkə çempionatının mükafatçısı Dmitri Neçay artıq 10 ildir ki, idmanın bu növü ilə məşğuldur. Onun üçün hər şey həvəskar səviyyədən başlayıb və bu idman növünə tamamilə öz gücü ilə - yəni, bir növ, öz-özünə öyrənərək gəlib.

Bu, Azərbaycan bilyardı üçün adi haldır. Çünki ölkəmizdə bu istiqamətdə ixtisaslı məşqçilər yoxdur. Bilyard bizdə kiçik bir dost çevrəsini təmsil edir - onlar bir-birlərindən öyrənir və oyuna ciddi yanaşırlar. Lakin peşəkar şəkildə özünü bu işə tam olaraq həsr etmək, o cümlədən Dmitri üçün də, hələ mümkün deyil. Çünki bu idman növü Azərbaycanda kifayət qədər inkişaf etməyib və əsas gəlir mənbəyinə çevriləcək səviyyədə deyil.

Dünyada isə bilyard çempionatlarını yüz minlərlə tamaşaçı izləyir.

İdman.Biz-lə söhbətində Dmitri Neçay bu idman növünün dünyadakı tendensiyalarından və Azərbaycandakı vəziyyətdən danışıb.

- Bilyarda necə başladınız?

- Uşaqlıqdan idmanla maraqlanıram. 11 il üzgüçülüklə məşğul olmuşam, həmçinin basketbol karyeram olub. Həm üzgüçülükdə, həm də basketbolda Azərbaycan çempionuyam həm də bilyard üzrə respublika yarışlarının mükafatçısıyam. Düzünü desəm, bilmirəm, Azərbaycanda üç milli yığmada çıxış edən başqa biri olubmu (gülür).

Basketbolu bitirdikdən sonra yeni bir məşğuliyyət tapmaq istədim. İdmançılarda yarışmaq ruhu daim qalır. O vaxt dostlarla tez-tez bilyard oynamağa gedirdik və düşündüm: "Niyə də bu sahədə inkişaf etməyim?"

Tezliklə bizim bir qrup həmfikrimiz yarandı və bazar günləri kiçik həvəskar turnirlər təşkil etməyə başladıq. Həmin əsas qrup bu günə qədər qalır. Zaman keçdikcə hər şey daha sistemli oldu, artıq bu fəaliyyət böyüyüb daha ciddi bir forma alıb.

- Bilyardı harada öyrənmisiniz?

- Biz hamımız əsasən öz-özümüzə öyrənmişik. Yalnız bir neçə nəfər Türkiyədə bilyardla məşğul olub, onların arasında Aydın Nəsirov və Ruslan Əmiraslanov var. Azərbaycana qayıtdıqdan sonra onların oyun səviyyəsi bizdən xeyli yüksək idi. Biz də tədricən onların təcrübəsindən yararlandıq. Qalan hallarda isə öz gücümüzlə - "YouTube"da dərslər izləyərək, oyunları analiz edərək, peşəkar oyunçuların taktikasını öyrənərək məşğul olduq. Əlbəttə, bir-birimizə də kömək edirdik.

Azərbaycanda bilyard üzrə ixtisaslı mütəxəssislər yoxdur. Bəzən beynəlxalq yarışlarda oynayan-məşqçilərlə qarşılaşırıq, onlardan nəsə soruşmaq, bilmədiklərimizi öyrənmək imkanı olur. Ancaq bu qədər.

- Peşəkar idmana nə vaxt keçdiniz?

- Təxminən üç-dörd il əvvəl, beynəlxalq turnirlərə getməyə başladığımız zaman. İlk təcrübəm İstanbulda olub. Özümü sınamaq üçün getmişdim. Yadımdadır, çox həyəcanlı idim, əllərim əsirdi. Qarşıma da güclü rəqib düşdü. Hamı dedi ki, "şansın yoxdur". İlk partiyanı uduzdum. Sonra düşündüm: "İtirəcək heç nə qalmayıb, sadəcə, oyundan zövq al". Rahatlaşandan sonra hər şey alınmağa başladı. Rəqib mənə baxırdı və yəqin düşünürdü: "Kimdir bu, normal oynamır, amma hər topu vurur". Nəticədə qalib gəldim və növbəti mərhələyə keçdim. Bu, mənim üçün çox gözlənilməz idi.

Artıq bu səfər bilyarda baxışımı tam dəyişdi. Gördüm ki, xaricdə bu oyuna necə ciddi yanaşırlar, əsl rəqabət ruhunu hiss etdim. Həm də anladım ki, peşəkar avadanlıq nə deməkdir. Bakıya qayıtdıqdan sonra qərara gəldim ki, beynəlxalq standartlara cavab verən öz bilyard klubumu açım və bunu etdim.

- Dediniz ki, Azərbaycanda bilyard üzrə məşqçilər olmayıb. Bunun səbəbi nədir?

- Əvvəla, bu sahədə ixtisas təhsili almaq imkanı yoxdur. Bizdə İdman Akademiyası var, amma orada bilyard tədris olunmur. Dünyada isə bilyard məktəbləri mövcuddur. Bizdə hər zaman istedadlı oyunçular olub, amma hamısı öz gücü ilə öyrənib.

Sovet dövründə bu idman növünü inkişaf etdirmirdilər, çünki onu sadəcə əyləncə sayırdılar. Halbuki bilyard konsentrasiyanı, koordinasiyanı və bədən tarazlığını inkişaf etdirir. Fiziki hazırlıq da vacibdir, çünki bir oyun zamanı oyunçu masanın ətrafında 2–3 kilometr yol qət edir.

- Azərbaycanda indi bilyard tədris olunurmu?

- Hazırda Federasiya nəzdində Bilyard Akademiyası açılıb. Amma məşqlər Rusiyadakı bilyard standartları üzrə keçirilir. Mən isə amerikan üslubunda oynayıram - bu, tam fərqli istiqamətdir. Bildiyimə görə, Akademiyada 15 yaşadək uşaqlar və yeniyetmələr üçün pulsuz bölmələr fəaliyyət göstərir. Bütün bunlar Federasiyanın prezidenti Seymur Məmmədovun təşəbbüsü ilə mümkün olub. Onun gəlişi ilə idmançılara dəstək artıb, artıq milli komanda kimi xarici turnirlərə gedirik.

- Azərbaycanda bilyardçılar harada məşq edir?

- Əvvəllər adi bilyard klublarında məşğul olurduq. Orada şərait, açığı, çox zəif idi. Masalar standartlara uyğun deyildi, bilyard masasının parçası tez köhnəlirdi, yenilənmirdi. Bu məkanlar sırf əyləncə məqsədilə açılır – gəl, oyna, get.

Bakıda bilyard klublarının çoxu kommersiya məqsədilə açılır. Sahibləri üçün turnir keçirmək və ya idman yönünü inkişaf etdirmək maraqlı deyil. Ucuz avadanlıq alırlar və əksəriyyət üçün bu, kifayət edir. Amma hər detal önəmlidir. Məsələn, ucuz toplar fərqli reaksiya verir, zərbədən sonra istiqamət dəyişir. Belə şəraitdə məşq edən oyunçu beynəlxalq yarışlarda gözlədiyi nəticəni ala bilmir.

Mən öz klubumu məhz bu səbəbdən açdım - keyfiyyətli avadanlıq və işıqlandırma ilə normal şəraitdə məşq etmək üçün. Həm də istədim ki, pul oynayanlar bir yerə yığılıb birgə inkişaf etsinlər.

- Bilyard avadanlıqları bahadırmı?

- Peşəkar səviyyədə oynayırsansa, yaxşı keyfiyyətli bilyard çubuğu almaq (kiy) almaq vacibdir. Qiyməti təxminən 500–1000 dollar arasıdır. Amma düzgün qulluq etsən, 5-10 il kifayət edir. Əgər almaq imkanı yoxdursa, bizim "Pro Pool Station" klubunda məşqlər üçün keyfiyyətli külər pulsuz verilir.

- Dünyada bilyardda hansı yeniliklər var?

- Əvvəllər dünyada üç əsas istiqamət vardı: pul (amerikan bilyardı), "snuker" və rus bilyardı. İndi isə son illər Çində yaranan yeni növ – "heybol" çox sürətlə populyarlaşır. Formal olaraq bu da puldur, amma "snuker" tipli bortlarla oynanılır, bu da topu vurmağı xeyli çətinləşdirir. Lakin oyun çox maraqlıdır və mənə şəxsən çox xoşuma gəldi.

Bu ilin yazında Çində "Joy Masters Cup" adlı turnir keçirildi - bilyard tarixində ən böyük yarış idi. Mən orada Federasiyanın nümayəndəsi kimi iştirak etdim, Azərbaycandan isə ölkə çempionu Murad Fəttayev çıxış etdi.

Orada həmçinin konqres keçirildi və Çin "heybolu" Beynəlxalq Olimpiya Komitəsinə təqdim etdi. Nəticədə, bu növün Olimpiya proqramına daxil edilməsi barədə ilkin razılaşma əldə olundu.

- Bu, həqiqətən baş verə bilərmi?

- Əlbəttə. Axı bilyardla dünyanın minlərlə insanı məşğuldur. Hətta qonşu Gürcüstanda belə bu idman növü aktiv inkişaf edir, Türkiyə isə demək olar ki, bütün beynəlxalq turnirlərdə iştirak edir.

Əvvəllər bilyardın Olimpiya proqramına salınması çətin görünürdü - əsasən maliyyə səbəblərinə görə. Amma indi Çin dövlət səviyyəsində "heybolun" inkişafına böyük sərmayə qoyur və onu bütün dünyada tanıdır. Xarici idmançıları dəvət edir, çox vaxt bütün xərcləri qarşılayır, üstəlik böyük mükafatlar təklif edir. Məsələn, bizim iştirak etdiyimiz turnirin ümumi mükafat fondu 1,7 milyon dollar idi.

Bu gün Çində heybol artıq kütləvi idman növünə çevrilib - bilyard masalarını demək olar ki, hər ticarət mərkəzində görmək olar. Oyuna maraq başqa ölkələrdə də sürətlə artır. Bu səbəbdən, heybolun Olimpiya idman növünə çevrilmə ehtimalı böyükdür.

- İdmançılar bir neçə bilyard növündə eyni vaxtda oynayırlar?

- Adətən, yox. Onlar bir-birinı qarışmır. Məsələn, rus bilyardçısı pul üzrə peşəkarı məğlub edə bilməz, eləcə də əksinə. Hərçənd prinsip eynidir – topu luzaya salmaq, amma texnika, taktika, düşüncə tərzi tam fərqlidir.

Azərbaycanda bütün növlərdə oynamaq da mümkün deyil, çünki uyğun masalar yoxdur. Heybol üçün cəmi bir-iki masa var, o da şəhər kənarlarında. Əslində, onları da sahibkarlar səhvən sifariş edib gətiriblər. "Karambol" isə ümumiyyətlə oynanmır.

- Hansı bilyard növü klassik sayılır?

- Əslində, belə anlayış yoxdur. Hər şey ölkədən asılıdır. Postsovet məkanında klassik sayılan rus bilyardı, ABŞ və Avropada pul, İngiltərə və Şotlandiyada isə snukerdir. Çində əvvəllər snuker üstünlük təşkil edirdi, amma heybolun yaranmasından sonra vəziyyət dəyişib.

- Azərbaycanda bilyarda daha çox kimlər maraq göstərir?

- Əvvəllər əsasən tələbələr maraqlanırdı. Bəzən uşaqlar da gəlirdi, amma çox vaxt valideynlərinin təşəbbüsü ilə – konsentrasiyanı və məsuliyyəti inkişaf etdirmək üçün. Axı bilyardda hər zərbə kiçik bir qərardır və oyunun nəticəsini müəyyənləşdirir.

Hazırda klubumda əsasən 18–20 yaşlı gənclər məşğul olur. Uşaqları cəlb etmək bir az çətindir – dərslər, kurslar, məşğələlər vaxt aparır. Amma düşünürəm ki, gələcəkdə vəziyyət dəyişəcək. Bilyard Akademiyası bu sahənin gənclər arasında populyarlaşmasına kömək edə bilər.

– Uşaqlar üçün avadanlıq ölçüləri fərqlidirmi?

– Bəli. Kiçik yaşlılar – məsələn, səkkiz yaşadək uşaqlar üçün bilyard çubuğu daha yüngül və qısa olur ki, idarə etmək asan olsun. Amma masalar, adətən, standart ölçüdə qalır. Beynəlxalq yarışlarda isə bəzən 12 yaşlı uşaqların hündür dabanlı xüsusi idman ayaqqabısı geyindiyini görmüşəm - boy fərqini kompensasiya etmək üçün. Ümumiyyətlə, 5–6 yaşdan bilyardla məşğul olmaq mümkündür. Mən yeddi yaşında olduqca texniki və inamlı oynayan uşaqları görmüşəm.

– Bilyardçılar üçün əsas bacarıqlar hansılardır?

– Burada bir neçə keyfiyyətin vəhdəti vacibdir. Əvvəla, diqqət və zərbə texnikası, həmçinin taktiki düşüncə. Hərəkətlərin dəqiq və inamlı olması üçün bədən daim formada olmalıdır. Əzələlər hazır deyilsə, tez yorulursan. Oyunda tez-tez əyilmək, düzəlmək, eyni poza saxlamaq lazımdır – bunlar fiziki güc tələb edir.

Bilyard hər şeydən əvvəl hesablamadır, diqqətdir, strategiyadır. Çoxları deyir ki, səhvdən sonra fikrini yayındırmaq lazımdır, amma mən belə düşünmürəm. Əsas odur ki, konsentrasiyanı itirməyəsən və psixoloji olaraq "qırılmayasan". Səhv artıq baş verib, onu buraxmalı və növbəti şansı gözləməlisən. Axı bilyardda sən təkcə rəqiblə yox, həm də özünlə oynayırsan – emosiyalarını idarə edə bilsən, rəqibin heç bir şansı qalmaz.

- Azərbaycanda gənc, perspektivli oyunçular varmı?

- Gənclər haqqında çox məlumatım yoxdur, amma 25–27 yaş arası istedadlı uşaqlar var. Məsələn, Orxan Qubatov – təxminən 27 yaşı var. Keçən il Tbilisidə keçirilən böyük turnirdə ikinci yeri tutdu, çoxlu xarici oyunçu iştirak edirdi. Hamı onun oyun səviyyəsinə heyran qaldı, xüsusilə də onun məşqçisiz bu nəticəni göstərdiyini biləndə. Bir neçə ay sonra başqa beynəlxalq yarışda bürünc qazandı. Yəni, stabil oyun nümayiş etdirir və böyük potensiala malikdir.

Problem ondadır ki, Azərbaycanda sistemli hazırlıq yoxdur - nə məşqçi, nə idman psixoloqu. Əminəm, şərait yaradılsa, inkişaf sürətlə gedəcək. Çünki istedadlı uşaqlar var! Elə Murad Fəttayev də buna bariz nümunədir - bu il həm pul, həm də rus bilyardı üzrə Azərbaycan çempionu olub, baxmayaraq ki, bu iki fərqli istiqamətdir. Amma istedadlı insan hər sahədə istedadlı olur.

- Peşəkar səviyyədə bilyardla məşğul olmaq istəyənlərə nə məsləhət verərdiniz?

- Ən vacibi, çox oynamaq və səndən güclü rəqiblərdən çəkinməməkdir. Ancaq bu yolla inkişaf etmək mümkündür. Əgər imkan varsa, təcrübəli mütəxəssislə məşq edin. Amma bu işdə əsas iki amil var: müntəzəmlik və səbir. Bunlar olmadan nə inkişaf, nə də nəticə olar.

Əlbəttə, istedad da rol oynayır. Amma istedad olmasa belə, zəhmət və sistemli iş oyunçunu orta səviyyədən yuxarı qaldıra bilər. Əgər buna inad və oyuna sevgi əlavə etsən, ən yüksək səviyyəyə qədər yüksəlmək mümkündür.

Leyla Eminova

İdman.Biz

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 19:31

DÇ-1994-də sensasiyaya imza atmış millinin qapıçısı vəfat edib

Futbol
Bu gün, 19:28

Kukurelya: PSJ ilə oyunlarda təcrübəmiz çatmadı, belə nəticələrlə barışmaq çətindir

Futbol
Bu gün, 19:17

Ronaldu Kazemironu "Əl-Nəsr"ə keçməyə inandırmağa çalışır

Basketbol
Bu gün, 19:16

U16 Qızlar Basketbol Millisinin Avropa Çempionatındakı Rəqibləri: Slovakiya və İsveç

Futbol
Bu gün, 19:01

Səadəddin Saranın baş verən yol qəzası zamanı vəziyyəti yaxşıdır

Futbol
Bu gün, 19:01

Səadəddin Saran yol qəzası keçirib, vəziyyəti yaxşıdır

Futbol
Bu gün, 19:01

“Tottenhem”in yeni baş məşqçisinin adı açıqlanıb

Futbol
Bu gün, 18:59

Priştinada türkiyəli azarkeşlərə jest: Pulsuz çay və qəhvə

Futbol
Bu gün, 18:47

Qvardiola Rodri və Bernardonun gediş ehtimalından narahatdır

Futbol
Bu gün, 18:32

Ronaldo Kazemironu "Əl-Nəsr"ə dəvət edir - Marca

Futbol
Bu gün, 18:25

Lukaku "Napoli"nin tələbinə məhəl qoymadı və məşqi buraxdı

Futbol
Bu gün, 18:16

Erlinq Holand yeni "Mercedes-Maybach" aldı: Avtomobil kolleksiyası 10 milyon avroya çatdı

Futbol
Bu gün, 18:12

"Napoli" Romelu Lukakunu komandadan kənarlaşdıra bilər

Futbol
Bu gün, 18:09

Jetmir Topalli: "Məqsədimiz dünya çempionatına vəsiqə qazanmaqdır"

Futbol
Bu gün, 18:01

Vinisius Juniorun sevgilisi Braziliya millisinin düşərgəsində: Ançelottidən icazə!

Futbol
Bu gün, 17:55

Romelu Lukaku "Napoli"də intizamsızlıq səbəbindən heyətdən kənarlaşdırıla bilər

Futbol
Bu gün, 17:49

"Turan Tovuz" doğma meydanına qayıdır

Futbol
Bu gün, 17:42

"Venger ofsaydı": Yeni qayda Kanada Liqasında sınaqdan keçirilir

Basketbol
Bu gün, 17:40

Azərbaycan qadın basketbol millisinin Avropa çempionatı 2029-un seçmə mərhələsindəki rəqibləri məlum oldu

Güləş
Bu gün, 17:35

Azərbaycanın U-20 sərbəst güləş yığması Bursa və Antalya səfərlərinə başlayır

Futbol
Bu gün, 17:29

Andrey Kostiç 3,5 milyon avroya "Milan"a keçib

Futbol
Bu gün, 17:29

Səadettin Saran İstanbulda yol qəzasına düşüb

Futbol
Bu gün, 17:22

Bədavi Hüseynov Azərbaycan millisində ən çox matça çıxan üçüncü futbolçu oldu

Futbol
Bu gün, 17:20

"Mançester Yunayted" Joao Qomesi transfer etmək üçün "Vulverhempton"un aşağı liqaya düşməsini gözləyir

Oxşar xəbərlər