Polşanın "LKS Commercecon Lodz" klubu qadın voleybolçuların CEV Çelenc Kubokunda Azərbaycanın "DH Volley" komandası ilə Bakıda keçirəcəyi oyunun televiziya yayımının olmayacağını bildirib.
İdman.Biz xəbər verir ki, bu barədə Polşa klubunun rəsmi saytında dərc olunan məlumatda qeyd edilib.
Klub televiziya yayımının nəzərdə tutulmadığını vurğulayaraq azarkeşlərini Lodzda keçiriləcək cavab qarşılaşmasını tribunadan izləməyə çağırıb. Bakıdakı görüşün televiziyada göstərilməməsinin səbəbi isə açıqlanmayıb.
"DH Volley" ilə LKS arasında 1/16 final mərhələsinin ilk oyunu noyabrın 26-da Fövqəladə Hallar Nazirliyinin Bakıdakı İdman-Sağlamlıq Mərkəzində keçiriləcək. Qarşılaşma saat 18:00-da başlayacaq.
Komandaların cavab görüşü dekabrın 2-də Lodzda təşkil olunacaq.