"Stendin əsas məqsədi tamaşaçılara və qonaqlara reqbi idman növünün bir sıra texniki bacarıqlarını nümayiş etdirmək, insanların iştirakını təmin etmək və onları bu oyuna cəlb etməkdir".
Bu sözləri Azərbaycan Reqbi Federasiyasının prezidenti Eldar Kərimov "ExpoSport Azerbaijan 2026" sərgisində İdman.Biz-ə açıqlamasında bildirib.
Onun sözlərinə görə, burada həm hücum elementi - müdafiəçini keçərək cəhd etmək, həm də həmin boşluğa bir neçə dəqiq pas vermək imkanı var.
"Qeyri-adi və hələ o qədər populyar olmayan idman növü olduğuna görə stendə xeyli insan yaxınlaşır, hər kəs üçün maraqlıdır və düşünür ki, bu cür tədbirlərin köməyi ilə tezliklə inkişaf olacaq" - Azərbaycan Reqbi Federasiyasının prezidenti vurğulayıb.

Bununla yanaşı, Eldar Kərimov qeyd edib ki, hazırda böyüklərdən ibarət reqbi klubları yoxdur.
Onun sözlərinə görə, reqbinin yeni inkişaf mərhələsi iki il əvvəl başlayıb; federasiya özəl məktəblərlə işləməyə başlayıb və əsasən yeniyetmələri cəlb edir.
Fedrasiya rəhbəri bildirib ki, bu gün ən böyük yaş dərəcəsi 14 yaşa qədər olan "U-14"-dür və bu uşaqlar 4-5 ildən sonra böyüklərdən ibarət milli yığmanın və klubların üzvlərinə çevriləcəklər.
"Yaş dərəcəsi getdikcə artır və onun ardınca daha kiçik yaşlı uşaqlar cəlb olunur ki, bütün yaş qrupları əhatə olunsun" - deyə o fikirlərini yekunlaşdırıb.