Ukrayna Futbol Assosiasiyasının (UAF) İcraiyyə Komitəsi hərbi vəziyyət dövründə futbol matçlarının təşkili və keçirilməsi ilə bağlı təhlükəsizlik qaydalarına dəyişiklik edib.
Sportify.az xəbər verir ki, yeniliklər hava həyəcanı zamanı matçların dayandırılması və həmin gün keçirilməsinin mümkünlüyü ilə bağlıdır.
Əvvəllər hava həyəcanının müddəti 60 dəqiqəni keçdikdə UAF nümayəndəsi qarşılaşmanın həmin gün davam etdirilməməsi barədə qərar verə bilərdi. Yeni qaydalara əsasən, bu müddət yarışın kateqoriyasından və oyunun başlama saatından asılı olacaq.
Saat 15:30-dək (15:30 daxil olmaqla) başlaması planlaşdırılan oyunlar üçün aşağıdakı limitlər müəyyənləşdirilib:
– Ukrayna Premyer Liqası – 180 dəqiqə;
– Ukrayna Kuboku (UAF-ın 3-cü və 4-cü kateqoriyalı stadionlarında keçirilməsi nəzərdə tutulan mərhələlər) – 180 dəqiqə;
– Ukrayna Kuboku (1-ci və 2-ci kateqoriyalı stadionlarda keçirilən mərhələlər) – 120 dəqiqə;
– Digər yarışlar – 120 dəqiqə.
Bu məhdudiyyətlər həm bir fasiləsiz hava həyəcanının müddətinə, həm də bir neçə həyəcanın ümumi davametmə müddətinə şamil olunur.
Saat 15:30-dan sonra başlaması planlaşdırılan bütün kateqoriyalı oyunlarda isə əvvəlki limitlər qüvvədə qalacaq: bir fasiləsiz hava həyəcanı üçün 60 dəqiqə, bir neçə həyəcanın ümumi müddəti üçün isə 120 dəqiqə.