Bakıda qol güləşi üzrə tarixdə ilk dəfə Dünya Komanda Çempionatı təşkil olunur.
İdman.Biz xəbər verir ki, mötəbər yarışla bağlı açıqlama verən Azərbaycan millisinin baş məşqçisi Samir Babayev komandamızın heyəti və çempionatdakı şansları barədə danışıb.
Mütəxəssisin sözlərinə görə, mundialda ümumilikdə 12 komanda mübarizə aparır. Azərbaycan isə yarışda iki heyətlə təmsil olunur.
"Reqlamentə əsasən, hər komandada 4 kişi və 1 qadın idmançı yer alır. Turnirin əsas favoritləri sırasına Azərbaycanla yanaşı, Polşa və Ukrayna yığmaları da daxildir", - deyə baş məşqçi bildirib.
Samir Babayev əsas komandamızın kişi idmançılardan ibarət heyətini də açıqlayıb.
Ölkəmizi 70 kq çəki dərəcəsində dördqat Avropa və dördqat dünya çempionu Əli Məmmədov, 86 kq-da Ramazan Rüstəmov, 95 kq-da Vadim Əkbərov, +95 kq-da isə Azər Məhərrəmov təmsil edir.
Qeyd edək ki, bu gün "Elektra Events Hall"da qol güləşi üzrə ilk Dünya Komanda Çempionatının açılış mərasimi keçirilir. Noyabrın 28-29-da təşkil olunan yarışda son illərdəki uğurlu çıxışlarına əsasən seçilmiş 12 komanda mübarizə aparır. Çempionatın ilk günündə 1/8 final və dörddəbir final mərhələləri keçirilir. Yarımfinal və final görüşləri isə noyabrın 29-da baş tutacaq.