İngiltərə klubu "Liverpul" Almaniya təmsilçisi "Bavariya"nın yarımmüdafiəçisi Camal Musialanı transfer etmək ideyasından imtina etməyib.
Sportify.az xəbər verir ki, Mersisayd təmsilçisi 23 yaşlı futbolçunun 2027-ci ilin yayında transfer olunması ehtimalını nəzərdən keçirir. Bu barədə jurnalist Sebastyan Vidal sosial şəbəkə hesabında məlumat verib.
Mənbənin məlumatına görə, "Liverpul" Musialaya maraq göstərsə də, əvvəlcə futbolçunun fiziki formasını tam bərpa etməsini gözləyir. İngiltərə klubu etibarlı zəmanətlər olmadan bu transferə böyük məbləğdə vəsait xərcləmək niyyətində deyil.
Qeyd edək ki, noyabrın 27-də "Bavariya" Musialanın sağ bud nahiyəsinin əzələsindən zədələndiyini açıqlayıb. Mətbuatın məlumatına görə, almaniyalı yarımmüdafiəçi 4-6 həftə yaşıl meydanlardan kənarda qala bilər.