Azərbaycan şahmatçısı Nicat Abasov Qazaxıstanın Türküstan şəhərində keçirilən türkdilli ölkələrin tarixdə ilk şəxsi şahmat çempionatında qızıl medal qazanmasına kömək edən strategiyasından danışıb.
İdman.Biz xəbər verir ki, qrossmeyster yarışa hazırlaşarkən bu formatda keçirilən əvvəlki turnirlərdəki təcrübəsini nəzərə alıb.
"Bilirdim ki, turnirin sonuna yaxın hamı yorulur. Buna görə də yaxşı start götürmək vacib idi", – deyə Abasov Qazaxıstan Şahmat Federasiyasının mətbuat xidmətinə müsahibəsində bildirib.
Şahmatçının sözlərinə görə, rəqiblərinin əksəriyyəti ondan 5-10 yaş kiçik olub. O, son turlara yaxın gənc rəqiblərinin daha çox gücə malik olacağını ehtimal edib.
"Buna görə də turnirin ilk yarısında maksimum gücümü ortaya qoymağa qərar verdim", – deyə qrossmeyster vurğulayıb.
O əlavə edib ki, başlanğıcdakı qələbələr seriyası ona liderliyi ələ keçirməyə və yarışın sonunadək mövqeyini qorumağa imkan verib.
Abasov Qazaxıstana neçə dəfə səfər etdiyini artıq xatırlamadığını da bildirib. O, iki ölkənin xalqları arasında dostluq münasibətlərini vurğulayıb və qazaxıstanlı istedadlı şahmatçıların yaxın gələcəkdə daha çox yüksək nəticələr əldə edəcəyinə əminliyini ifadə edib.
Qeyd edək ki, Nicat Abasov 14 turda 9 xal toplayaraq ikinci yeri tutan qazaxıstanlı qrossmeyster Denis Maxnevi yarım xal qabaqlayıb. Qadınların yarışında isə Azərbaycanın digər təmsilçisi Gövhər Beydullayeva 10 xalla çempion olub.
Qələbəyə görə Abasov 7 milyon tenge (təxminən 25,9 min manat), Beydullayeva isə 4 milyon tenge (təxminən 14,8 min manat) mükafat qazanıb.