"Kəpəz"in yarımmüdafiəçisi Desmond Akuanın futbolinfo.az saytına müsahibəsi
– Fasilə sizin üçün nə dərəcədə faydalı oldu? Bu müddət ərzində necə hazırlaşdınız?
– Bir neçə gün istirahət etmək, bərpa olunmaq və qarşıdakı oyunlara güc toplamaq imkanımız yarandı. Eyni zamanda, bu müddət ərzində çempionat oyunlarının sıx qrafiki səbəbindən üzərində işləməyə vaxt tapmadığımız məqamlara diqqət ayıra bildik. Məşqlərdə intensiv çalışdıq, oyunumuzun müəyyən komponentlərini yaxşılaşdırmağa və daha yüksək səviyyədə çıxış etməyə hazırlaşdıq.
– "Kəpəz" son vaxtlar yaxşı formada idi və müsbət nəticələr qazanırdı. Adətən, belə məqamda yaranan fasilə komandaların oyun ritminə mənfi təsir göstərə bilir. Sizcə, bu fasilə komandanızın da uğurlu seriyasına təsir edə bilər?
– Düşünmürəm ki, fasilə bizə mənfi təsir göstərsin. Amma futbolda hər şey mümkündür. Biz peşəkar futbolçularıq və bu müddət ərzində də əzmlə çalışmağa davam etmişik. Ümid edirəm ki, fasilə heç nəyi dəyişməyəcək, yaxşı oyunlarımızı davam etdirəcək və müsbət nəticələr qazanacağıq.
– "Kəpəz"in son vaxtlar yaxşı çıxış etməsi sizdə avrokuboklara vəsiqə qazanmaq ümidi yaradıb? Sizcə, komanda ilk dördlükdə yer ala bilər?
– Azarkeşlərin bu barədə danışdığını eşitmişəm və düşünürəm ki, bu, çox müsbət haldır. Bu, yaxşı çıxış etdiyimizi və azarkeşlərin bizə inandığını göstərir. Amma hesab edirəm ki, hazırda diqqətimizi bu məsələyə həddindən artıq yönəltməməliyik. Oyundan-oyuna irəliləməli, hər matçda qələbə qazanmağa çalışmalı və mümkün qədər çox xal toplamalıyıq. Mövsümün sonunda hansı pillədə qərarlaşacağımızı indidən demək çətindir.
– Qarşıda "Qarabağ"la oyununuz var. Doğma azarkeşlərinizin dəstəyi ilə bu rəqibə qalib gələ biləcəyinizi düşünürsünüz?
– Bizim kimi azarkeşləri və onların yaratdığı atmosferi olan komanda istənilən rəqibə qalib gələ bilər. Futbolçu kimi hansısa komandaya qalib gələ biləcəyimizə inanmırıqsa, bəs onda niyə meydana çıxırıq? Əlbəttə, "Qarabağ"a qalib gələ biləcəyimizə inanıram. Amma reallığı da nəzərə almalıyıq. Onlar çox güclü komandadır və bizi asan oyun gözləmir. İstədiyimiz nəticəni əldə etmək üçün təkcə mənim deyil, bütün komandanın yaxşı çıxış etməsi lazımdır. Komanda şəklində uğurlu oyun sərgiləməli və həmin gün meydanda ən yaxşı tərəflərimizi göstərməliyik.
– "Qarabağ" son dörd oyunda qələbə qazana bilməyib. Komandada müəyyən psixoloji çətinliklərin olduğu görünür. Bu, sizin üçün üstünlük ola bilərmi?
– "Qarabağ" kimi yüksək səviyyəli komandalarla bağlı vəziyyət istənilən an dəyişə bilər. Buna görə də düşünmürəm ki, əvvəlki nəticələri mütləq növbəti oyuna təsir göstərsin. Biz öz oyunumuz üzərində cəmləşməli və yaranan hər fürsətdən maksimum yararlanmalıyıq. Onlar güclü komandadır və istənilən an vəziyyəti dəyişə bilərlər. Buna görə də oyuna tam hazır olmalıyıq.
– Gəncədə azarkeşlərin göstərdiyi dəstək sizi təəccübləndirir?
– Azarkeşlərin sayı və yaratdıqları atmosfer möhtəşəmdir. Oyunun ilk dəqiqəsindən son fitə qədər daim bizi dəstəkləyirlər. Bu, xüsusilə matçın çətin anlarında bizə çox kömək edir. Tək olmadığını, arxanda səni dəstəkləyən və irəli səsləyən bu qədər insanın olduğunu bilmək əlavə güc verir. Belə dəstək meydanda həqiqətən böyük fərq yaradır.
CAVAD