Azərbaycanlı döyüşçü Emil Musayev Almaniyada keçiriləcək "AFC 5" turnirində xüsusi boks qarşılaşmasına qatılacaq.
İdman.Biz xəbər verir ki, "Kavkaz" ləqəbli idmançı dekabrın 12-də Lippstadt şəhərində təşkil olunacaq tədbirdə peruəsilli Migel Medina ilə qarşılaşacaq.
72,5 kq çəki dərəcəsində baş tutacaq döyüşdə Musayev "Hammer Fight Club"ı, rəqibi isə "Donau Gym Düsseldorf"u təmsil edəcək. Təşkilatçılar qarşılaşmanı təcrübəli iki döyüşçünün dueli kimi təqdim edərək, texnika, güc və dinamikanın ön plana çıxacağını bildiriblər.
Qeyd edək ki, Emil Musayev peşəkar MMA karyerası ərzində səkkiz döyüş keçirib, yeddi qələbə və bir məğlubiyyət alıb. Onun qələbələrindən biri nokaut, biri boğucu fənd, beşi isə hakimlərin yekdil qərarı ilə qeydə alınıb. Azərbaycanlı döyüşçü son 5 qarşılaşmasında ardıcıl qələbə qazanaraq uğurlu seriyasını davam etdirir.