Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı, Azərbaycan boksçusu Gülər Hüseynova Vətənə qayıtdıqdan sonra təəssüratlarını bölüşüb.
İdman.Biz xəbər verir ki, idmançı bu barədə Heydər Əliyev Beynəlxalq Hava Limanında olimpiyaçıların qarşılanma mərasimində danışıb.
"Yeniyetmələrin Yay Olimpiya Oyunları tarixində gümüş medal qazanan ilk azərbaycanlı qadın boksçu kimi Vətənə qayıtmaq çox gözəl hissdir. Bu, mənim üçün xüsusi əhəmiyyət daşıyır", - deyə Hüseynova bildirib.
İdmançının sözlərinə görə, əldə etdiyi nailiyyət Azərbaycan boksunun tarixində yeni səhifə açacaq və gələcək uğurları üçün əlavə stimul olacaq.
"İnanıram ki, Dakar-2026 Yeniyetmələrin Yay Olimpiya Oyunlarında qazandığım medal gələcək qələbələrim üçün mənə əlavə motivasiya verəcək. Arzum yaxın gələcəkdə bu uğuru böyüklər arasında keçirilən Yay Olimpiya Oyunlarında da təkrarlamaqdır", - deyə o vurğulayıb.
Xatırladaq ki, Gülər Hüseynova 51 kq çəki dərəcəsində çıxış edərək Yeniyetmələrin Olimpiya Oyunlarında medal qazanan ilk azərbaycanlı qadın boksçu kimi tarixə düşüb.