NTD basketbol klubunun baş məşqçisi Tahir Baxşıyev komandasının 75:100 hesabı ilə məğlub olduğu Azərbaycan çempionatının "Sabah"la oyunu barədə fikirlərini bölüşüb.
İdman.Biz xəbər verir ki, mütəxəssis yetirmələrinin rəqibin yararlandığı həddindən artıq çox səhvə yol verdiklərini qeyd edib.
"İlk hissədə pis oynamadıq. Lakin ikinci hissədə çoxlu səhvlərə yol verdik. Rəqib bizim səhvlərimiz sayəsində 18 xal qazandı. Bununla belə, üçüncü periodda cəmi üç səhvə yol verdik və bu hissəni bir xal fərqlə qazana bildik.
Ümumilikdə, oyunumuzda müsbət məqamlar da var. Uşaqlar özlərinə inanmalıdırlar. Onlar artıq təkcə yaxşı oynamaq haqqında deyil, həm də qələbələr barədə düşünməlidirlər. Hər oyuna qalib gələ biləcəklərinə əmin olaraq çıxmalıdırlar. Biz bunun üzərində işləyəcəyik. İnanıram ki, zaman keçdikcə irəliləyiş olacaq", – deyə Baxşıyev bildirib.
NTD-nin baş məşqçisi gənc oyunçuların çıxışını da xüsusi qeyd edərək, bu cür matçların onların inkişafı üçün əhəmiyyətini vurğulayıb.
"Gənc basketbolçularımıza gəlincə, bu gün Mübariz Mirzəyev yaxşı oynadı. Məqsud Hümbətov və digər gənc oyunçular da özlərini göstərə bildilər. Əlbəttə, onlar hələ çoxlu səhvlərə yol verirlər, amma bu, təbiidir. Belə rəqiblərə qarşı oynamaq onlar üçün asan deyil.
Hər oyun onlara böyük təcrübə qazandırır. Əminəm ki, əldə etdikləri bacarıqlar yayda Azərbaycanın U-20 millisinin heyətində keçiriləcək yarışlarda onlara çox kömək edəcək", – deyə baş məşqçi əlavə edib.