"Fiorentina"nın portuqaliyalı müdafiəçisi Joau Mariu Kriştianu Ronaldunun milli komandadakı karyerasını başa vurmasından sonra ona göstərilən münasibətdən narazılığını ifadə edib.
İdman.Biz "Tuttosport"a istinadən xəbər verir ki, 26 yaşlı futbolçu Ronaldunun Lionel Messi kimi xüsusi vida matçına layiq olduğunu bildirib.
"Xoşbəxtlikdən Portuqaliya millisində kifayət qədər istedadlı futbolçu var və biz onlarla yeni mərhələyə başlayacağıq. Amma Kriştianunun Argentina millisinin Messi üçün etdiyi kimi yola salınmaması və şərəfləndirilməməsi məyusedicidir.
Bunu görmək mənə ağır gəldi. Ronaldu da eyni səviyyədə vida oyununa layiq idi. Ümid edək ki, belə bir qarşılaşma təşkil olunacaq. O, futbol tarixinin ən böyük oyunçularından biridir.
Mən onunla birlikdə oynamışam və məni necə yaxşı qarşıladığını xatırlayıram. Ronaldu təkcə möhtəşəm futbolçu deyil, həm də çox yaxşı insandır", - deyə Mariu vurğulayıb.
Müdafiəçi Portuqaliya millisinin heyətinə qayıtmaq istədiyini desə də, hazırda əsas diqqətini "Fiorentina"dakı çıxışına yönəltdiyini söyləyib.
Qeyd edək ki, Joau Mariu "Yuventus"a məxsusdur və cari mövsümü icarə əsasında "Fiorentina"da keçirir. O, Portuqaliya millisində üç oyun keçirib.