İslandiya millisinin basketbolçusu Telma Dis Aqustsdottir Azərbaycan yığması ilə qarşılaşmada ölkəsinin qadın milli komandasının 30 illik rekordunu yeniləyib.
İdman.Biz xəbər verir ki, basketbolçu Avropa çempionatının seçmə mərhələsində millimizə qarşı oyunda 41 xal toplayıb. O, meydanda keçirdiyi 27 dəqiqə 22 saniyə ərzində 23 üçxallıq atışdan 13-nü dəqiq yerinə yetirib.
Qadın millisinin əvvəlki məhsuldarlıq rekordu Anna Mariya Sveynsdottirə məxsus olub. O, 1996-cı ildə Malta ilə qarşılaşmada 35 xal qazanıb. Aqustsdottir həmin göstəricini altı xal yaxşılaşdırıb. karfan.is
Basketbolçu üçxallıq atışların sayında da yeni milli rekord müəyyənləşdirib. İslandiya Basketbol Federasiyasının məlumatına görə, o, görüşün son saniyələrində dəqiq yerinə yetirdiyi iki xallıq atışla xal hesabını 41-ə çatdırıb.
Qeyd edək ki, qarşılaşma İslandiya millisinin 129:41 hesablı qələbəsi ilə başa çatıb. Azərbaycan yığması seçmə mərhələdə ardıcıl üçüncü məğlubiyyətini alıb.