Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov "Kəpəz"in futbolçuları ilə görüşərək komandanı "Qarabağ"la qarşılaşma öncəsi ruhlandırıb.
İdman.Biz xəbər verir ki, şəhər rəhbəri və İcra Hakimiyyəti Aparatının məsul əməkdaşları Gəncə Şəhər Stadionunda yerləşən "Kəpəz" Məşq Mərkəzi və Futbol Akademiyasına baş çəkiblər.
Niyazi Bayramov əvvəlcə futbolçular üçün yaradılan şəraitlə tanış olub. Klubun İdarə Heyətinin sədri Anar Abdullayev ona görülən işlər, həyata keçirilən layihələr və gələcək planlar barədə məlumat verib.
Daha sonra şəhər rəhbəri stadionun ehtiyat meydançasında məşq edən futbolçularla görüşüb. O, Misli Premyer Liqasının 12-ci turunda "Qarabağ"la qarşılaşacaq komandadan qələbə gözlədiyini bildirib:
"Sizi bu həftəsonu çox çətin oyun gözləyir. Hamımız bu görüşə gəlib komandamızı sonadək dəstəkləyəcəyik. Ümumiyyətlə, şəhər rəhbərliyi "Kəpəz"in bütün oyunlarını tribunadan izləyir, Gəncəmizin fəxri olan klubumuzu uğur qazanmağa səsləyir. İnanıram ki, "Qarabağ"la matçda qalib gəlib azarkeşləri sevindirəcəksiniz. Sizə uğurlar arzulayıram!"
Anar Abdullayev göstərilən diqqət və dəstəyə görə təşəkkürünü bildirib:
"Sizin klubumuza baş çəkməyiniz, komandaya dəstək verməyiniz bizim üçün çox xoşdur. Bu, məsul oyun ərəfəsində futbolçularımıza xüsusi motivasiya verir. Həm "Qarabağ"la oyunda, həm də çempionatın qalan görüşlərində uğurlu nəticələr qazanmaq, Gəncəni layiqincə təmsil etmək üçün əlimizdən gələni əsirgəməyəcəyik. Klubumuza göstərdiyiniz diqqətə görə "Kəpəz" ailəsi adından sizə təşəkkürümüzü bildiririk".
Görüş zamanı Niyazi Bayramov komandanın məşqini izləyib, klub rəhbərliyi ilə müxtəlif məsələləri müzakirə edib. Sonda ona klub tərəfindən hədiyyə təqdim olunub və xatirə şəkli çəkdirilib.
Qeyd edək ki, "Kəpəz" - "Qarabağ" qarşılaşması noyabrın 22-də Gəncə Şəhər Stadionunda keçiriləcək.