Dünyada ilk dəfə qaçış trenajorlarında dünya çempionatına - RUN X World Treadmill Championship yarışına start verilib. Turnirin ümumi mükafat fondu 100 min dollar təşkil edir.
Idman.Biz Beynəlxalq Atletika Federasiyasına (World Athletics) istinadən xəbər verir ki, yarış İtaliyanın "Technogym" şirkəti ilə birgə təşkil olunub. Oktyabrın 23-də başlayan təsnifat mərhələsi dünyanın 20 ölkəsində yerləşən 400 fitnes mərkəzini əhatə edir.
Çempionatın əsas özəlliyi ondan ibarətdir ki, burada təkcə peşəkar atletlər deyil, adi idman zalı ziyarətçiləri də qüvvələrini sınaya bilərlər.
İştirakçılar "Technogym" şirkətinin rəqəmsal sisteminə qoşulmuş xüsusi qaçış trenajorlarında 5 km məsafə qət etməlidirlər. Nəticələr avtomatik qeydə alınaraq beynəlxalq reytinq cədvəlinə daxil edilir. Bu sistem müxtəlif ölkələrdən olan qaçışçıların göstəricilərini müqayisə etməyə imkan verir.
Yarışda qeydiyyat ödənişsizdir. Lakin ayrı-ayrı fitnes mərkəzləri ziyarət üçün ödəniş tələb edə bilər.
Təsnifat mərhələsi 2027-ci il yanvarın 24-dək davam edəcək. Hər ölkədə ən yaxşı nəticə göstərən iştirakçıların 25 faizi yanvarın 30-dan fevralın 28-dək keçiriləcək regional mərhələyə yüksələcək.
Final yarışları 2027-ci il martın 20–21-də İtaliyanın Çezena şəhərində yerləşən Technogym Village kompleksində təşkil olunacaq. Qaliblər tarixdə ilk dəfə qaçış trenajorları üzrə dünya çempionu tituluna sahib olacaqlar.
Finalın ümumi mükafat fondu 100 min dollar olacaq.
Bundan əlavə, World Athletics kişilər və qadınlar arasında mütləq qaliblərin milli federasiyalarına 2027-ci ildə Çinin Yançjou şəhərində keçiriləcək şose qaçışı üzrə dünya çempionatının 5 km məsafəsinə xüsusi dəvət hüququ verəcək.
Yeni yarışın səfirləri 10 000 metr məsafəyə qaçış üzrə dünya çempionu Cimmi Qressye və tanınmış amerikalı qaçışçı Sara Holl seçiliblər.
Təşkilatçılar hesab edirlər ki, yeni format peşəkar və kütləvi idmanı birləşdirərək beynəlxalq yarışları qaçış həvəskarları üçün daha əlçatan edəcək.