"Microsoft" şirkətinin həmtəsisçisi Bill Qeyts süni intellektin inkişafına baxmayaraq, insanların əvəzolunmaz rol oynayacağı dörd fəaliyyət sahəsini fərqləndirib.
İdman.Biz xəbər verir ki, milyarderin fikrincə, proqramlaşdırma, biologiya, energetika və peşəkar idman süni intellektin insan əməyini tam əvəz etməsinin çətin olacağı sahələrdir.
Qeyts hesab edir ki, ilk üç istiqamətdə yeni həllərin hazırlanması, elmi araşdırmalar və mürəkkəb texniki məsələlərin həlli insan iştirakını zəruri edir. Süni intellekt proqram kodlarının yazılmasına, elmi məlumatların təhlilinə və enerji sistemlərinin optimallaşdırılmasına kömək etsə də, mütəxəssislərin tam əvəzlənməsi başqa məsələdir.
Peşəkar idman isə bu siyahıda xüsusi yer tutur. Qeytsin fikrincə, azarkeşlər üçün yarışın nəticəsi qədər idmançıların bacarığı, mübarizəsi və emosiyaları da əhəmiyyətlidir.
O, buna nümunə kimi beysbolu göstərib. Milyarderin qənaətinə görə, tamaşaçılar meydanda idmançıların əvəzinə kompüterlərin yarışmasını izləməyə eyni marağı göstərməzlər.
Bununla belə, süni intellekt idmandan kənarda qalmayacaq. Texnologiya oyunların təhlilində, taktiki qərarların hazırlanmasında və məşqçilərin fəaliyyətində mühüm köməkçi rol oynaya bilər.
Qeyts süni intellektin gələcəkdə tikinti, kənd təsərrüfatı və tibb kimi sahələrdə də geniş tətbiq olunacağını düşünür. Onun fikrincə, qarşıdakı 20 ildə texnoloji dəyişikliklər bəzi insanların iş yerlərini itirməsinə, digərlərinin isə yeni peşələrə yiyələnməsinə səbəb ola bilər.
Milyarder hesab edir ki, texnologiyalar müəyyən işləri insanlardan daha səmərəli yerinə yetirsə belə, cəmiyyət bəzi fəaliyyət sahələrində insan iştirakına üstünlük verməyə davam edəcək.