"Şansımız var. Hətta özümüzü favorit hesab edirik. Rəqibimiz "Sportinq" də zəif komanda deyil. Onlar Kral Kubokunun qalibidir. Çempionlar Liqasında onsuz da zəif komanda yoxdur. Amma düşünürəm ki, biz bu qarşılaşmaya hazırıq və əlimizdən gələnin ən yaxşısını edəcəyik. İlk oyunda qələbə qazanaraq Portuqaliyaya üstünlüklə yollanmaq istəyirik".
Bu sözləri Çempionlar Liqasında mübarizəyə başlayacaq kişi voleybolçulardan ibarət "Xilasedici" klubunun meneceri Onat Kurt deyib.
O, komandada əhvali-ruhiyyənin çox yaxşı olduğunu söyləyib.
"Hər kəs yüksək konsentrasiya ilə qarşılaşmaya köklənib. Çempionlar Liqası Avropanın ən nüfuzlu turniridir və hər bir oyunçu üçün özünü göstərmək baxımından böyük fürsətdir. İnanıram ki, voleybolçularımız bu imkandan maksimum yararlanaraq ən yaxşı oyunlarını nümayiş etdirəcəklər. "Sportinq"ə qarşı qələbə qazanmaq istəyirik. Biz Avropa komandalarına qarşı hər zaman Azərbaycanı layiqincə təmsil etməyə çalışırıq. Avrokuboklarda keçirdiyimiz hər oyuna, demək olar ki, milli komanda səviyyəsində yanaşırıq. İstəyimiz Azərbaycan bayrağını Avropada yüksəklərdə görməkdir", - deyə o AZƏRTAC-a açıqlamasında bildirib.
Klub rəsmisi Çempionlar Liqasında ilk dəfə iştirak edəcəklərini xatırladıb:
"Püşkün nəticəsinə əsasən birinci mərhələni oynamadan keçmişik. "Sportinq" səddini adlasaq, növbəti mərhələdə Sloveniyanın klubu ilə qarşılaşacağıq. Əsas məqsədimiz qrup mərhələsinə yüksəlməkdir. Bu, Azərbaycan voleybolu tarixində indiyədək qeydə alınmayan nəticə olacaq. Hətta qrup mərhələsinə vəsiqə qazanmaq belə ölkə voleybolu üçün böyük uğur sayılacaq. Ancaq "Lyublyana"nın da çox güclü komanda olduğunu nəzərə almalıyıq. Onların heyətində Avropanın ən yaxşı oyunçuları yer alır. Sloveniyanın milli komandasının üzvləri bu klubda çıxış edirlər. Həmin yığma Avropa çempionatında final oynayıb, üçüncü və dördüncü yerləri tutub. Buna görə də qarşıda bizi çətin oyunlar gözləyir"
Qeyd edək ki, komandalar arasında ilk görüş noyabrın 3-də Bakıda FHN-nin idman zalında keçiriləcək. Qarşılaşma saat 18:00-da başlayacaq. Cütün cavab oyunu noyabrın 11-də Portuqaliyada olacaq.