Türkiyə millisinin və "Fənərbağça Medicana" klubunun voleybolçusu Melissa Varqas özünəməxsus tullanışı ilə bağlı hərəkətini və adını əmtəə nişanı kimi qeydiyyatdan keçirib.
Kuba əsilli voleybolçu havada uzun müddət qalmaq bacarığına görə beynəlxalq voleybol ictimaiyyətində "Vargas Airlines" ləqəbi ilə tanınır. İddiaya görə, Birkan Ç. adlı şəxs 2023-cü ildə Varqasın xarakterik hərəkətini onun icazəsi olmadan qara siluet şəklində əmtəə nişanı kimi qeydiyyatdan keçirib. Bundan xəbər tutan voleybolçu həmin şəxsin şöhrətindən qanunsuz yararlanmağa çalışdığını iddia edərək məhkəməyə müraciət edib. Varqas İstanbul Əqli və Sənaye Mülkiyyəti Hüquqları Məhkəməsində iddia qaldırıb.
Onun vəkili Mehmet Tokdemir məhkəməyə təqdim etdiyi ərizədə qeydiyyatın qanunsuz olduğunu bildirib. O, qarşı tərəfin Varqasın ictimai nüfuzundan istifadə edərək şantaj və haqsız qazanc əldə etməyə çalışdığını iddia edib. Vəkil əmtəə nişanının etibarsız sayılmasını və reyestrdən silinməsini tələb edib.