İngiltərə Premyer Liqasının hakimləri Futbol Assosiasiyasının (FA) "Mançester Yunayted"in müdafiəçisi Leni Yoronun "Liverpul"la oyunda aldığı qırmızı vərəqəni ləğv etmək qərarından narazıdırlar.
Sportify.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
21 yaşlı futbolçu Aleksandr İsakın qapıçı ilə təkbətək çıxdığı epizodda ona qarşı qayda pozuntusuna görə matçın 8-ci dəqiqəsində birbaşa qırmızı vərəqə almışdı. "Mançester Yunayted" qərardan şikayət etmiş, FA isə apellyasiyanı təmin edərək fransalı müdafiəçinin vərəqəsini ləğv etmişdi.
Bununla belə, Premyer Liqa və liqanın hakimlər korpusu Yoronun meydandan qovulması ilə bağlı ilkin qərarın doğru olduğunu düşünür. Hakimlər vərəqənin ləğv edilməsinin səbəbləri ilə bağlı izahat almaq istəyirlər.
Məlumata görə, Premyer Liqanın əsas oyun epizodları üzrə komissiyası (KMI) hakim Sem Barrottun Yoroya qırmızı vərəqə göstərmək qərarını yekdilliklə dəstəkləyib. Komissiya VAR-ın epizoda müdaxilə etməməsi qərarını da doğru hesab edib.