Ayxan Abbasov millidən getməlidir...
Məncə, məsələyə bu qədər bəsit yanaşmaq doğru deyil. Bir qədər geniş baxmağa ehtiyac var.
Əvvəla, Ayxan Abbasovun bəzi seçimləri ilə mən də razılaşmıram. Milli komandanın geniş heyətinin müəyyənləşdirilməsi zamanı elə futbolçulara dəvət göndərildi ki, məncə, onlar milliyə layiq deyildilər. Əvəzində kənarda qalan, daha çox oynayan və dəvətə daha çox layiq olan futbolçular vardı. Bəzi məqamlarda daha hücumameyilli, daha çox potensialı olan oyunçuların meydana çıxmasını gözləyirdim. Təəssüf ki, bunu görmədik.
Burada məsələ heç də kənarda qalan hansısa futbolçunun gəlib millidə qəhrəmanlıq edəcəyi deyil. Onsuz da hazırda Azərbaycan futbolunda belə oyunçuların sayı barmaqla sayılacaq qədərdir. Bəlkə də Mahir Emreli bu baxımdan istisnadır.
Sadəcə kim hazırdırsa, kim daha çox oynayırsa, kim öz çıxışı ilə milliyə dəvətə layiq olduğunu göstərirsə, o da çağırılmalıdır.
Futbolçunun 40, yaxud 17 yaşında olmasının fərqi yoxdur. Əsas meyar meydandakı performans olmalıdır.
Xüsusilə də öz klublarında ehtiyatda qalan futbolçuların milli komandaya dəvət olunmasını doğru hesab etmirəm.
Digər məsələ Ayxan Abbasovun açıqlamalarıdır. Bəzən futbolçuların, bəzən media nümayəndələrinin , bəzən də azarkeşlərin ünvanına seçdiyi ifadələr futbol ictimaiyyətində ona qarşı müəyyən qıcıq yaradır.
Məsələn, son olaraq Andorra ilə oyundan öncə azarkeşlərin tribunaya gəlməməsini qınadı. Bunun biabırçılıq olduğunu bildirdi.
Milli komandanın ev oyunlarını boş tribunalar qarşısında keçirməsi, əlbəttə, acınacaqlı mənzərədir. Amma buna görə bütün məsuliyyəti azarkeşlərin üzərinə atmaq olmaz.
Azarkeşləri tribunadan küsdürən elə milli komandanın özüdür. Gəlin, əvvəlki illərə nəzər salaq. Son illərə qədər də millimiz məğlubiyyətlər alırdı, amma tribunada azarkeşlərimiz olurdu.
Çünki zaman-zaman sürpriz nəticələr görürdük, komandanın yaxşı mübarizəsinə şahidlik edirdik.
İndi isə azarkeşlər həmin mübarizəni, nəticə uğrunda sona qədər döyüşən komandanı görmürlər.
Məncə, bu məsələdə azarkeşlərin məsuliyyəti 10-15 faizdirsə, qalan 70-80 faiz məsuliyyət milli komandanın üzərinə düşür.
Ayxan Abbasov milli komandanın ən çətin dönəmində baş məşqçi postuna gətirildi. Ondan əvvəl dəfələrlə artıq maaş alan, daha yaxşı şəraitdə çalışan Fernandu Santuşun rəhbərliyi altında millimiz D Liqasına düşmüşdü.
Estoniyaya səfərdə 1:3 hesabı ilə məğlub olmuş, Qəbələdə qolsuz heç-heçəyə razılaşmışdıq.
Ən son İslandiyadan 0:5 hesablı ağır yenilgi almışdıq. Haqqlı olaraq əcnəbi məşqçi ilə yollar ayrıldı və Ayxan Abbasova etimad göstərildi.
Həmin vaxt millimizi qarşıda Ukrayna və Fransa ilə çox ağır oyunlar gözləyirdi. Açığı, o dönəmdə heç kim bu yükün altına girmək istəmirdi. Fransa ilə səfərdə növbəti Oser faciəsi yaşana bilərdi. Kimsə bunun onun adı ilə bağlı olmasını istəmirdi. Belə anda Ayxan Abbasov məsuliyyəti üzərinə götürdü.
Fransa ilə səfər oyununda komandamız faciəvi hesabla uduzmadı. Bakıda isə tariximizdə ilk dəfə Fransa millisinə qol vurmağı bacardıq və görüş 1:3 hesabı ilə başa çatdı.
Ukrayna ilə Bakıdakı qarşılaşmada da layiqli mübarizə apardıq, xal qazandıq. Səfərdəki oyunda da komandamız ən azı bir xala layiq futbol sərgilədi.
Bunlar kiçik məqamlar deyil. Həmin dönəmdə Fernandu Santuşun rəhbərliyi davam etsəydi, nəticələrin daha acınacaqlı olacağı ehtimalı kifayət qədər yüksək idi.
AFFA rəhbərliyinin Santuşla yolları ayırıb Ayxan Abbasovu gətirməsini həmin şəraitdə doğru qərar hesab edirəm.
Təbii ki, sonrakı nəticələrə də obyektiv yanaşmalıyıq.
Yoxlama oyunlarını bir kənara qoysaq, rəsmi qarşılaşmalarda Lixtenşteynlə evdə qolsuz heç-heçə var. Bu nəticəni heç bir halda qəbulolunan saymaq olmaz.
Bunu Ayxan Abbasovun passivinə yazmaq lazımdır. Baş məşqçinin məsuliyyəti var. Amma ümumi mənzərəyə baxanda qarşıya qoyulan hədəflərin bir qisminə nail olunduğunu da görürük. Komanda öz qrupunda lider oldu.
Digər tərəfdən, Ayxan Abbasov millinin oyunçu keyfiyyətinin kifayət qədər aşağı olduğu bir dönəmdə komandaya rəhbərlik etməyə başladı. Üstəlik, bəzi aparıcı futbolçuların xidmətindən də məhrumuq. Bəhlul Mustafazadə və Elvin Cəfərquliyev kimi əsas oyunçuların yoxluğu komandanın gücünə təsir etdi.
Material niyə azdır? Milli niyə 3-5 futbolçunun ümidinə qalıb.
Gəlin, bir az da klublarımıza baxaq. Premyer Liqamızın ilk dördlüyündə qərarlaşan "Neftçi", "Sabah", "Qarabağ" və "Turan Tovuz"un heyətində üst-üstə cəmi iki-üç yerli futbolçu mütəmadi oynayır. Bu komandaların birinci dövrədə vurduğu 74 qoldan 72-si əcnəbi futbolçuların hesabınadır.
Belə bir vəziyyətdə yerli oyunçuların yetişməməsinin, milli komandanın seçim imkanlarının daralmasının bütün günahını Ayxan Abbasovun üzərinə yükləmək nə dərəcədə doğrudur?
Məncə, baş məşqçidən narazılıqlarımızı bildirməliyik, onun səhvlərini göstərməliyik. Amma futbolumuzun bütün problemlərini bir nəfərin adı ilə əlaqələndirməməliyik.
Ayxan Abbasov millidə daha yaxşı futbol oynada bilərdimi? Bəli. Daha düzgün heyət seçə, bəzi oyunlarda daha yaxşı nəticələr qazana bilərdimi? Əlbəttə.
Bununla razıyam. Lakin sabah onu dəyişib başqa məşqçi gətirməklə Avropa və dünya çempionatlarına vəsiqə qazanacağımıza zəmanət varmı? Təbii ki, yox.
Əsas problem daha dərindir. Biz futbolçunun yetişdirilməsindən, klubların yerli oyunçulara münasibətindən, akademiyaların fəaliyyətindən danışmalıyıq. Çünki milli komandanın baş məşqçisi seçim etmək üçün əlində keyfiyyətli futbolçular tapmalıdır. Bəs həmin futbolçular haradadır?
AFFA müxtəlif vasitələrlə klublarımızı yerli oyunçu yetişdirməyə daha çox təşviq etməlidi.
Biz də bu işin içində olmalıyıq. Premyer Liqada çıxış edən hər bir klub başa düşməlidir ki, söhbət təkcə öz komandasının nəticəsindən getmir. Onların gördüyü iş həm də Azərbaycan millisinin gələcəyini müəyyənləşdirir.
Akademiyalara bu qədər vəsait ayrılır, məşqçilər saxlanılır, infrastruktur yaradılır. Bütün bunların nəticəsini əsas komandaların heyətində də görməliyik. İddialı klublarımızın hər birində ən azı iki-üç keyfiyyətli yerli futbolçu əsas heyətin daimi üzvü olmalıdır. "Yerli futbolçu yetişmir" fikrinin arxasında gizlənmək çıxış yolu deyil.
Bu ölkədə istedadlı uşaqlar, yaxşı futbolçu potensialı var. Vaxtilə Qurban Qurbanov, Samir Əliyev, Vəli Qasımov və başqa futbolçular bu torpaqdan çıxıb. Deməli, potensialımız var. Sadəcə, həmin istedadları üzə çıxarmaq, inkişaf etdirmək və düzgün istiqamətləndirmək lazımdır. Bunun üçün klublarımızın qarşısında konkret tələblər qoyulmalı, yerli futbolçu yetişdirilməsi stimullaşdırılmalıdır.
Məncə, əsas müzakirə mövzusu Ayxan Abbasovun gedib-getməməsi olmamalıdır. Əgər onun müqaviləsi ilin sonunda başa çatırsa, bu məsələyə də ayrıca baxıla bilər. Ancaq baş məşqçini dəyişməklə futbolumuzun problemlərinin həll olunacağını düşünmək yanlışdır. Sabah başqa məşqçi gələcək, o da eyni oyunçu qıtlığı, eyni seçim məhdudiyyəti ilə üzləşəcək.
Biz baş məşqçi problemini müzakirə edərkən futbolçu yetişdirmək problemimizi arxa plana keçirməməliyik. Çünki yaxşı futbolçu yetişdirmədən yaxşı milli komanda qurmaq mümkün deyil.
Ayxan Abbasovun səhvləri var, tənqid olunmalıdır. Amma futbolumuzun bütün günahlarını onun üzərinə yıxmaqla məsuliyyətdən yayınan klublarımızı, akademiyalarımızı və ümumi futbol sistemimizi də unutmamalıyıq. Sadaladıqlarım düzəlsə, yaxşı oyunçular yetişdirilsə, bizim də yaxşı milli komanda olacaq.
XANOĞLAN İMANOV/ SPORTİNFO.AZ