İngiltərə millisinin və İngiltərə klubu "Liverpul"un sabiq yarımmüdafiəçisi Ceymi Rednapp İngiltərə təmsilçisi "Çelsi" klubuna Vircil van Deyki transfer etməyi məsləhət görüb.
Sportify.az xəbər verir ki, o, niderlandlı müdafiəçinin "Liverpul"la yeni müqavilə imzalamayacağı təqdirdə, "Çelsi"nin yay transfer pəncərəsində onun keçidi üçün cəhd göstərməli olduğunu bildirib:
"Bilmirəm, bəlkə də sonda o, “Liverpul”da qalacaq. Ümid edirəm ki, belə də olacaq. Amma düşünürəm ki, “Çelsi” yayda Van Deyki transfer etməyə çalışmalıdır. Mən olsaydım, belə edərdim. Düzdür, ondan beş il yüksək səviyyədə çıxış gözləmək olmaz, amma hesab edirəm ki, onun hələ iki il yüksək səviyyədə oynamaq potensialı var. Bu, əla transfer olardı. Ola bilsin ki, o, MLS-ə və ya başqa liqaya getmək istəsin. Ancaq London da onun üçün cəlbedici ola bilər. Əgər “Liverpul”la yeni müqavilə imzalamasa, “Çelsi” məhz onu transfer etməyə çalışmalıdır" – deyə Rednapp bildirib.