Yerli mediada Şamaxı şəhər stadionunda işıqlandırma sisteminin quraşdırılması üçün nəzərdə tutulan avadanlıqların gətirildiyi barədə məlumat yayılıb.
Məsələ ilə bağlı "Şamaxı" futbol klubunun mətbuat katibi Yusif Hüseynli İdman.Biz-ə açıqlama verib.
Klub rəsmisi avadanlıqların artıq stadion ərazisinə çatdırıldığını və quraşdırma prosesinə başlanıldığını təsdiqləyib. Lakin o, arenanın tam istifadəyə veriləcəyi dəqiq tarixin hələlik məlum olmadığını bildirib:
"Bəli, avadanlıqlar gətirilib və işlər artıq davam etdirilir. Lakin dəqiq tarix deyə bilmərik. Çünki bu, tikinti-quraşdırma prosesidir və müəyyən gecikmələrin olması mümkündür. Bizim üçün stadionun tez təhvil verilməsindən daha çox, işlərin keyfiyyətli şəkildə tamamlanması önəmlidir. Ona görə də indidən konkret vaxt açıqlaya bilmərik".
Qeyd edək ki, "Şamaxı" hazırda Misli Premyer Liqasının turnir cədvəlində 14 xalla yeddinci pillədə qərarlaşıb.