"Avropa çempionatına çox ciddi hazırlaşmışdıq və nəticə özünü göstərdi. Xüsusilə Nərmin Abdinovanın doqquz oyundan doqquz qələbə qazanması fenomenal göstəricidir, o, turnir boyu rəqiblərinə heç bir şans vermədi".
İdman.Biz xəbər verir ki, bunu Azərbaycan Şahmat Federasiyasının (AŞF) rəsmi saytına açıqlamasında şahmat üzrə yeniyetmələrdən ibarət milli komandanın baş məşqçisi Nicat Məmmədov qitə birinciliyindəki çıxışı dəyərləndirərkən deyib.
Yığmanın çalışdırıcısı təmsilçilərimizin qazandığı medallardan, göstərdikləri əzmkarlıqdan və ümumi komanda nəticəsindən qürur duyduğunu bildirib:
"Tunar Davudov və Selin Məmmədova da son tura qədər əzmkarlıq nümayiş etdirərək ölkəmizə layiqli medallar qazandırdılar. Ümumilikdə 42 ölkə arasında ilk beşlikdə yer almağımız Azərbaycan şahmat məktəbinin gücünü bir daha sübut etdi. Qarşıda bizi dünya birinciliyi gözləyir və bu uğur uşaqlar üçün böyük motivasiya olacaq".
Qeyd edək ki, yarışı maksimal nəticə ilə başa vuran Nərmin Abdinova (18 yaşadək qızlar) doqquzuncu turda FIDE təmsilçisi Lizaveta Liashkeviçi məğlub edərək doqquz turda doqquz xalla fenomenal nəticəyə imza atıb.
18 yaşlı oğlanların yarışında Tunar Davudov son turda Polşa şahmatçısı Pavel Sovinskini üstələyərək xalını yeddiyə çatdırıb və qitə çempionatının gümüş medalını qazanıb.
8 yaşlı qızların mübarizəsində isə Selin Məmmədova Türkiyə şahmatçısı Eliz Karahana qalib gələrək fəxri kürsünün üçüncü pilləsinə yüksəlib və ölkəmizə bürünc medal qazandırıb.