İngiltərənin "Çelsi" futbol klubu gələn yay portuqaliyalı Joau Feliksi yenidən heyətində görə bilər. London klubu portuqaliyalı hücumçunu 2025-ci ilin iyulunda Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubuna satıb.
İdman.Biz xəbər verir ki, futbolçunun transfer müqaviləsində maraqlı bir bənd yer alıb. Həmin bəndə əsasən, Feliks 2027-ci ildə "Stemford Bric"ə qayıda bilər. "Əl-Nəsr"in qərar vermək üçün may ayının sonunadək vaxtı var. Səudiyyə klubu futbolçunu komandada saxlamağa qərar versə, "Çelsi" əlavə olaraq 20 milyon avro əldə edə bilər.
Səudiyyə Ərəbistanı klubu futbolçu ilə əməkdaşlığı davam etdirməkdə maraqlıdır. Lakin razılaşmanın detalları bu vəziyyəti "Çelsi" üçün kifayət qədər qeyri-adi edir.
Səudiyyənin "Arriyadiyah" nəşrinin məlumatına görə, klub futbolçunun xidmətindən imtina etməsə, Feliksin müqaviləsi avtomatik olaraq daha iki mövsüm uzadılacaq. "Əl-Nəsr"in bu hüquqdan istifadə etmək üçün 2027-ci ilin may ayının sonunadək vaxtı var.
Əgər "Əl-Nəsr" Felikslə əməkdaşlığı davam etdirməmək qərarına gəlsə, futbolçu Londona qayıdacaq. Bildirilir ki, onun "Çelsi" ilə ilkin müqaviləsi 2031-ci ilin iyun ayınadək qüvvədədir.
Bu halda Səudiyyə klubu əlavə iki illik müqavilə üzrə ödəniş etməli olmayacaq. Həmçinin müqaviləyə xitam verilməsinə görə hər hansı cərimə və ya kompensasiya ödəməsi də tələb olunmayacaq.
Bununla belə, hələlik "Çelsi" Feliksin qayıdışına dair planlar qurmamalıdır. "Əl-Nəsr" rəhbərliyi də komandanın vacib üzvünə çevrilmiş 26 yaşlı futbolçunu heyətdə saxlamaq istəyir.
"Çelsi"nin Feliksin Səudiyyə klubunda qalmasında birbaşa maliyyə marağı var. Belə ki, London təmsilçisi bu halda ümumilikdə 50 milyon avro əldə edə bilər.