Türkiyənin İstanbul şəhəri 2026-cı il şahmat üzrə rapid və blits dünya çempionatına ev sahibliyi edəcək.
İdman.Biz xəbər verir ki, dekabrın 25-30-da keçiriləcək yarışda dünyanın müxtəlif ölkələrindən yüzlərlə şahmatçı iştirak edəcək. İştirakçılar açıq və qadınlar kateqoriyalarında ümumilikdə dörd dünya çempionluğu titulu uğrunda mübarizə aparacaqlar.
İstanbul daha əvvəl də mötəbər şahmat yarışlarına ev sahibliyi edib. Şəhərdə 2012-ci ildə 40-cı Şahmat Olimpiadası, 2025-ci ilin sonunda isə gənclər arasında rapid və blits üzrə dünya çempionatları keçirilib.
FIDE prezidenti Timur Turlov İstanbulun seçilməsini yüksək qiymətləndirib:
"Rapid və blits üzrə dünya çempionatını İstanbula gətirməkdən məmnunuq. Türkiyə dəfələrlə dünya səviyyəli şahmat yarışları təşkil etmək bacarığını nümayiş etdirib və bu idman növünün bütün səviyyələrdə inkişafına mühüm töhfə verib. Türkiyə Şahmat Federasiyasına və tərəfdaşlarına əməkdaşlığa görə təşəkkür edirəm".
Qeyd edək ki, rapid və blits üzrə son dünya çempionatında kişilərin hər iki yarışının qalibi Maqnus Karlsen olub. Qadınlar arasında rapid üzrə Aleksandra Qoryaçkina, blits üzrə isə Bibisara Assaubayeva dünya çempionu titulunu qazanıb.
Çempionatın keçiriləcəyi arena, yarış qaydaları və qeydiyyatla bağlı əlavə məlumatlar yaxın vaxtlarda açıqlanacaq.