Şahmatın rapid və blits növləri üzrə kişilər və qadınlar arasında keçirilən Azərbaycan çempionatına yekun vurulub.
İdman.Biz xəbər verir ki, kişilərin mübarizəsində 14 xal toplayan Xaqan Əhməd bütün rəqiblərini qabaqlayaraq ölkə çempionu olub.
Qalibdən yarım xal geri qalan Əhməd Əhmədzadə 13,5 xalla gümüş medala sahib çıxıb. Xəzər Babazadə və Allahverdi Həmidov hərəyə 12,5 xal toplasalar da, əlavə göstəricilər üçüncü yerin sahibini müəyyənləşdirib. Bu göstəricilərdə üstün olan Babazadə bürünc medal qazanıb.
Qadınların yarışında isə Ləman Hacıyeva 14 xalla çempionluğa yüksəlib. Ondan bir xal az toplayan Türkan Məmmədyarova ikinci pillədə qərarlaşıb. Mələk İsmayıl 11,5 xalla ilk üçlüyü tamamlayıb.
Çempionatın bağlanış mərasimində qalib və mükafatçılar medal və diplomlarla təltif olunublar. Mükafatları Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Mahir Məmmədov və qurumun vitse-prezidenti Faiq Həsənov təqdim ediblər.
Qeyd edək ki, Azərbaycan çempionatının ümumi mükafat fondu 10 000 manat olub.