“Qarabağ” daha çempionluğa əsas namizəd deyil… Hətta iki favoritdən biri də sayılmır… Bəlkə 3, bəlkə də 4 iddiaçıdan biridir…
Ağdamlılar artıq 5 oyundur qələbə görmür, bu oyunların son dördündə qol da vurmayıb. Şanslar itirilməyib, amma iddiaya ciddi zərbə dəyib. Qurban Qurbanov hər nə qədər özünü soyuqqanlı aparıb sakit danışmağa çalışsa da, vəziyyətin fərqindədir. İlk olaraq komanda öz oyununu qaydaya salmalıdır, bu proses isə yubanır.
Əslində, heyətdə genişmiqyaslı islahat aparılanda “Qarabağ”ın çətinlik çəkəcəyi gözlənilirdi. Yeni transferlər komandanın oyun dəst-xəttinə öyrəşənə kimi xal itkiləri labüd idi. Lakin bu qədər geriləmə proqnozlaşdırılmırdı. “Atlılar”ın hesablamadığı iki məqam indiki vəziyyətə səbəb olub.
Birincisi, “Neftçi” və “Turan Tovuz”problemlərini azaltmağı bacarıb, eyni zamanda iki cəbhədə oynamaq “Sabah”ın çempionatdakı nəticələrinə ciddi təsir etməyib.
İkincisi, yeni transferlərin adaptasiyada ləngiməsi bir yana, “Qarabağ”ın köhnə oyunçuları formadan düşüb. Kadi Borges, Marko Yankoviç, Pedro Bikalyo və başqaları əvvəlki səviyyəsindən uzaqdır. Bu azmış kimi, müdafiənin sol cinahında ciddi kadr problemi yaşanır.
“Qarabağ” hücum planında ciddi sıxıntı çəkir. Rəqiblər ağdamlıların oyun üslubunu əzbərləyib, ona qarşı tədbir görə bilir. Yuxarıda adını çəkdiyimiz oyunçular səviyyəsindən açağı çıxış edəndə isə onları dayandırmaq asanlaşır. Heç nədən epizod yaradan Kadi, mərkəzin ağırlığını üzərinə götürən Yankoviç, hücumların təşkilində və rəqiblərin qarşılanmasında həlledici rol oynayan Bikalyo kökdən düşüncə “atlılar” sıradan komandaya çevrilir. Tamamilə yenilənən cinahlarda isə əvvəlki əzəmət yoxdur və bu, özünü nəticələrdə göstərir.
Fantastik azarkeş dəstəyi ilə oynayan “Kəpəz” dünən xala layiq idi. Komanda rəqibdən çəkinmədi, tez-tez hücuma çıxmağa da cəhd etdi. Ağıllı müdafiə, intizamlı oyun gəncəliləri məqədinə çatdırdı. Artıq baş məşqçi Azər Məmmədov da avrokuboklara vəsiqəyə inanmağa başlayıb. Çətin olacaq, lakin qışda heyəti gücləndirməklə arzunu reallaşdırmaq olar.
“Neftçi”nin kefi isə yerindədir. Bakılılar problemdən qurtulubmuş kimi görünür. Yuri Vernidub öz üslubuna sadiqdir. Əsas rəqiblərə uduzmayıb digərlərinə şans verməyən ukraynalının planları işləyir. Emin Mahmudovun ehtiyatda oturdulması ilə başlayan proses səmərəsini verir. Vernidub istədiyi transferləri edib və indi əla komanda formalaşdırmaqdadır. Zirvədə qərarlaşan flaqmanın builki transferləri də yerindədir və əksəriyyəti faydasını göstərir.
“Araz-Naxçıvan” bu gedişlə son pillədən qurtula bilməyəcək. Komanda ən yaxşı halda “Şəfa”nı qabaqlaya bilər. Və bu durumun günahkarı Yuri Maksimov deyil. Ukraynalı çalışdırıcıya klub prezidenti Ceyhun Sultanovun və sələfinin yığdığı çox bərbad komplektləşdirilmiş heyət təhvil verilib. Qışda ona transfer imkanı tanınmasa, aqibət bəllidir.
FƏRİD