Azərbaycanın sərbəst güləşçisi Yusif Abdullayev Bolqarıstanın Samokov şəhərində keçirilən U15 Avropa çempionatında qızıl medal qazanıb.
İdman.Biz xəbər verir ki, 38 kq çəki dərəcəsində çıxış edən idmançımız finalda Gürcüstan təmsilçisi Rezi Yobidze ilə qarşılaşıb.
Abdullayev həlledici görüşdə rəqibinə 10:0 hesabı ilə tam üstünlüklə qalib gələrək Avropa çempionu adını qazanıb.
Qeyd edək ki, Yusif finala gedən yolda da inamlı çıxış edib. O, ukraynalı İvan Vasilkovu 10:0, Ermənistan təmsilçisi Norayr Gevorqyanı 11:0, belçikalı Məhəmməd Bisultanovu isə 13:1 hesabı ilə məğlub edib.
11:08
Bolqarıstanın Samokov şəhərində U-15 Avropa güləş çempionatı davam edir.
İdman.Biz xəbər verir ki, Azərbaycanın sərbəst güləş üzrə U15 millisinin beş üzvü bu gün mübarizəni davam etdirəcək. Onlardan üçün qızıl, ikisi isə bürünc medal uğrunda güləşəcək.
38 kq çəki dərəcəsində mübarizə aparan Yusif Abdullayev ardıcıl üç qələbə qazanıb. O, ukraynalı İvan Vasilkovu 10:0, Ermənistan təmsilçisi Norayr Gevorqyanı 11:0, belçikalı Məhəmməd Bisultanovu isə 13:1 hesabı ilə üstələyib. Abdullayev finalda Gürcüstan təmsilçisi Rezi Yobidze ilə qarşılaşacaq.
41 kq-da çıxış edən Elman İsmayılov da həlledici görüşə vəsiqə qazanıb. O, Gürcüstan təmsilçisi Giorgi Kavelidzeni və belaruslu Yevgeni Latantsovu tuşla məğlub edib. İsmayılov yarımfinalda Ermənistan təmsilçisi Tiqran Ağacanyanı 11:0 hesabı ilə üstələyib. Güləşçimiz finalda Bolqarıstan təmsilçisi Simyon Velikovla üz-üzə gələcək.
44 kq-da Məhəmməd Kərimov Polşa təmsilçisi Qabriel Mateykoya 10:0, Ermənistan təmsilçisi Aleks Qazaryana 3:2 hesabı ilə qalib gəlib. O, yarımfinalda ukraynalı Arsen Pijuka 3:5 hesabı ilə uduzub. Kərimov bürünc medal uğrunda güləşəcək.
52 kq-da Adəm Quliyev finala yüksələn digər təmsilçimiz olub. O, Bolqarıstan təmsilçisi Petro Karlanqaçı 12:0, Ermənistan təmsilçisi Narek Dallakyanı 6:2, israilli Ron Brilmanı isə 10:0 hesabı ilə məğlub edib. Quliyev finalda Badruddin Maqomedovla qarşılaşacaq.
62 kq-da Yusif Hüseynov Türkiyə təmsilçisi Yusuf Ayazı 13:0, Ermənistan təmsilçisi Mer Papikyanı 8:6 hesabı ilə üstələyib. O, yarımfinalda Gürcüstan təmsilçisi İoane Qavaşelişviliyə 3:5 hesabı ilə məğlub olub və bürünc medal uğrunda mübarizə aparacaq.