Avropa Boks Federasiyası (European Boxing) Xorvatiyanın Poreç şəhərində başa çatan U-23 Avropa çempionatının finalında azərbaycanlı boksçu Bilalhəbaşi Nazarovun çıxışını yüksək qiymətləndirib.
İdman.Biz xəbər verir ki, qitə birinciliyinin həlledici döyüşlərinə həsr olunan icmalda 19 yaşlı azərbaycanlı boksçunun 50 kq çəki dərəcəsində türkiyəli Tofik Akkasla qarşılaşmanın gedişini necə dəyişdirməsinə xüsusi diqqət yetirilib.
Məqalənin müəllifinin fikrincə, Akkas birinci raundda cüzi üstünlüyə malik olub. Lakin Nazarov ikinci raundu möhtəşəm keçirərək final döyüşünün gedişatını dəyişib. Nəticədə azərbaycanlı boksçu hakimlərin yekdil qərarı ilə 5:0 hesablı qələbə qazanıb.
"European Boxing" saytında Azərbaycanın kişilər arasında ən yüngül çəki dərəcəsində son dərəcə perspektivli boksçulara malik olduğu da vurğulanıb.
Maraqlıdır ki, Akkas finala qədər keçirdiyi hər üç döyüşü artıq birinci raundda vaxtından əvvəl başa vurub. Türkiyəli boksçu serbiyalı Lyubişa Staletoviçi texniki nokautla, erməni Ovanes Arutyunyanı və ukraynalı Maksim Şlyaxovoyu isə nokautla məğlub edib. Finaldan əvvəl Türkiyə mətbuatı Akkasın Avropa çempionatında bütün döyüşlərini nokautla qazanaraq ölkə boksunun tarixinə düşə biləcəyini yazırdı. Lakin Nazarov onun bu seriyasına son qoyub.
Finaldan sonra Türkiyənin "Aydın Hedef" və "Yeni Kıroba" nəşrləri Akkasın gümüş medal qazanmasını əhəmiyyətli nailiyyət kimi qiymətləndirərək onun azərbaycanlı rəqibinin yüksək səviyyəsini vurğulayıblar. Bununla yanaşı, "Yeni Kıroba" güclü rəqibinə məğlub olmasına baxmayaraq, türkiyəli boksçunun mübarizliyi ilə azarkeşlərin rəğbətini qazandığını qeyd edib.
Bu arada Avropa Boks Federasiyası digər azərbaycanlı çempion Nicat Əlirzayevin (70 kq) çıxışını da xüsusi qeyd edib. İcmalda bildirilir ki, gürcüstanlı Zviad Tçotçua ilə final döyüşünün artıq birinci raundunun sonunda azərbaycanlı boksçu güclü cəb zərbəsi ilə referini rəqibin hesabını açmağa məcbur edib. İkinci raundda isə gürcüstanlı boksçunun yorğunluğu artdıqca Əlirzayev döyüşün gedişinə nəzarət edib.
Xatırladaq ki, Azərbaycan millisi U-23 Avropa çempionatını dörd medalla - iki qızıl və iki bürünc mükafatla başa vurub. Nazarov və Əlirzayevdən başqa, Zidan Günbatov (55 kq) və Məhəmmədəli Aşiralıyev (60 kq) də fəxri kürsüyə qalxaraq bürünc medal qazanıblar.
Qeyd edək ki, Poreçdə qazandığı titul Nazarovun müxtəlif yaş kateqoriyaları üzrə qitə birinciliklərində ardıcıl üçüncü çempionluğudur. O, daha əvvəl 2024 və 2025-ci illərdə də Avropa çempionu olub.