Ukraynanın "Polesye" (Jitomir) və "Xarkov" futbol klubları "Qarabağ" komandasının yarımmüdafiəçisi Aleksey Kaşukla maraqlanırlar.
İdman.Biz xəbər verir ki, Ukrayna Premyer Liqasının təmsilçiləri 26 yaşlı futbolçunu vətəninə qaytarmaq niyyətindədirlər.
Lakin Kaşukun "Qarabağ"dakı maliyyə şərtlərindən razı olduğu bildirilir. Ukrayna klublarının futbolçuya Ağdam təmsilçisində qazandığı məbləğə uyğun maaş təklif etməkdə çətinlik çəkdikləri qeyd olunur.
Cari mövsümdə "Qarabağ"ın heyətində 11 oyun keçirən yarımmüdafiəçi dörd qol vurub.
Qeyd edək ki, Kaşuk Ukrayna millisinin heyətində Şimali İrlandiyaya qarşı oyunda debüt edib. Daha sonra futbolçu Gürcüstan millisi ilə qarşılaşmada da meydana çıxıb.