Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında bürünc medal qazanan Azərbaycanın sərbəst güləşçisi Əli Tsokayev nəticəsindən tam razı qalmadığını bildirib.
İdman.Biz xəbər verir ki, 92 kq çəki dərəcəsində üçüncü yeri tutan idmançı jurnalistlərə açıqlamasında yarışa çempionluq məqsədilə qatıldığını söyləyib.
"Avropa çempionatında olduğu kimi, dünya çempionatında da qızıl medal qazanmağı hədəfləyirdim. Təəssüf ki, istəyimə çata bilmədim. Böyüklər arasında dünya çempionatında ilk dəfə iştirak edirdim və təcrübə çatışmazlığı özünü göstərdi. İnşallah, növbəti yarışlarda Azərbaycan yığmasına qızıl medal qazandırmağa çalışacağam", - Tsokayev bildirib.
Güləşçimiz yarımfinalda ABŞ təmsilçisinə məğlub olmasını öz səhvləri ilə əlaqələndirib:
"Görüşün əvvəlində hər şey istədiyim kimi gedirdi. Ancaq sonradan tələskənliyə yol verdim. Məğlubiyyətimin əsas səbəbi öz səhvlərim oldu. Belə yüksək səviyyəli yarışlarda uğur qazanmaq üçün daha çox təcrübəyə ehtiyacım var".
Millimizin üzvü həm özünün, həm də məşqçilərinin dünya çempionatından daha yüksək nəticə gözlədiyini vurğulayıb:
"Məşqçilərim də, mən də qızıl medal qazanacağıma inanırdıq. Ona görə də bu nəticəyə sadəcə bürünc medal kimi baxmıram. Mənim üçün daha çox əldən verilən qızıl medal deməkdir".
Gələcəkdə daha yüksək çəki dərəcəsində çıxış etmək ehtimalına da toxunan Tsokayev hazırkı fiziki vəziyyətini nəzərə alaraq çəkisini artırmağı planlaşdırdığını bildirib:
"İnşallah, çəkimi artıracağam. Bunun necə alınacağını zaman göstərəcək. Hazırda çəkim çıxış etdiyim kateqoriyanın yuxarı həddindən təxminən 2 kq azdır. Bu səbəbdən həmin çəkidə rəqabət aparmaq çətin olur. Bir qədər çəki toplamağa ehtiyacım var".
Qeyd edək ki, Əli Tsokayev dünya çempionatında bürünc medal uğrunda görüşdə İran təmsilçisi Əmirhüseyn Firuzpuru 6:0 hesabı ilə məğlub edərək fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.