İdman Arbitraj Məhkəməsi (CAS) Afrika Millətlər Kubokunun qalibi ilə bağlı qərarını noyabrın 24-də açıqlayacaq.
Sportify.az “Sky Sports”a istinadən xəbər verir ki, mübahisəli final matçında Seneqal və Mərakeş yığmaları üz-üzə gəlib. Qarşılaşma yanvarın 18-də baş tutub.
Finalın 90+9-cu dəqiqəsində baş hakim Jan-Jak Nqambo Ndala Mərakeş millisinin lehinə penalti təyin edib. Buna etiraz olaraq Seneqal futbolçuları meydanı tərk ediblər. Fasilə 15 dəqiqədən çox davam edib. Daha sonra Seneqal yığmasının kapitanı Sadio Mane komanda yoldaşlarını oyuna qayıtmağa razı salıb.
90+23-cü dəqiqədə Braim Dias penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib. Mərakeşli futbolçu "Panenka" üslubunda vurduğu zərbəni qapıçı Eduard Mendinin üzərinə göndərib.
Əlavə vaxtda Pap Qeye Seneqala qələbə qazandıran yeganə qolu vurub.
Mart ayında Afrika Futbol Konfederasiyasının (CAF) Apellyasiya Komitəsi Seneqal yığmasına 0:3 hesablı texniki məğlubiyyət verib və çempionluq titulunu Mərakeşə təqdim edib.
İndi isə CAS-ın qərarı Afrika Millətlər Kubokunun rəsmi qalibinin kim olacağını müəyyənləşdirəcək.