Azərbaycanın əfsanəvi futbolçusu, vaxtilə İspaniya La Liqasında da legioner həyatı yaşamış Vəli Qasımovun UEFA Çempionlar Liqasının əsas mərhələsində “Sabah” və “Barselona” komandaları arasında keçiriləcək V tur matçından əvvəl Sportify.az-a müsahibəsi
– "Sabah" – "Barselona" qarşılaşmasından gözləntiləriniz nələrdir?
– Sabahkı "Barselona" ilə qarşılaşma Azərbaycan üçün böyük bayramdır. Çünki dünyanın, demək olar ki, öncül klublarından biri Azərbaycana gəlir. Bu, azarkeşlər üçün "Barselona"nı canlı izləmək baxımından çox maraqlı olacaq. Belə bir klubun ölkəmizə gəlişi çox xoş hadisədir.
– "Sabah"ın bu oyunda qalib gəlmək və ya sürpriz nəticəyə imza atmaq şansını necə qiymətləndirirsiniz?
– Favorit, təbii ki, "Barselona"dır. Amma "Sabah"ın da oyunlarını görmüşük və komanda yaxşı çıxışlar nümayiş etdirib. Gözləyirik ki, yaxşı oyun göstərsinlər və bəlkə də müsbət nəticə qazansınlar. Futboldur, hər şey ola bilər. Biz də səhv edə bilərik, "Barselona" da. Futbolda əsas məsələ kimin daha az səhv etməsidir. Onların futbolçuları səviyyə baxımından bir qədər üstündürlər. Büdcələri də bizim komandadan xeyli çoxdur. Amma yenə də azarkeşlik edəcəyik ki, "Sabah" yaxşı oyun göstərsin.

– Lamin Yamalın oyunda iştirak etməyəcəyi dəqiqləşib. Sizcə, bu itki "Barselona"nın oyununa nə dərəcədə təsir edəcək? Yamalın yoxluğu "Sabah" üçün ciddi üstünlük sayıla bilərmi?
– Yamalın gəlməməsi azarkeşlər üçün çox pis oldu. Çox adam onu Bakıda görməyi gözləyirdi. Təəssüf ki, gəlmədi. Amma "Barselona"nın öz oyun sistemi var və komanda həmin sistemlə çıxış edəcək. Orada təkcə Yamal yoxdur, başqa futbolçular isə var. Məncə, onun yoxluğu komandanın oyununa ciddi təsir etməyəcək. "Barselona" öz sistemindən kənara çıxmayacaq və öz oyununu göstərməyə çalışacaq. Gözləyək, görək necə olacaq.
– Eyden Makkartinin cəzalı olması səbəbindən müdafiənin mərkəzində Rəhman Daşdəmirovun oynaması gözlənilir. Sizcə, Daşdəmirov bu məsuliyyətli vəzifənin öhdəsindən gələ, "Barselona"nın hücumlarının qarşısını ala biləcəkmi?
– Azərbaycan futbolçularından, xüsusilə Rəhmandan danışırıqsa, o, "Şamaxı"dan "Sabah"a keçib və hazırda çox gözəl oyun nümayiş etdirir. Bu gün futbolda ayrı-ayrı oyunçuların deyil, komandanın sisteminin rolu böyükdür. Hamı həmin sistemə uyğun oynayır. İnanmıram ki, Rəhman kiminləsə fərdi mübarizədə çətinlik yaşasın. O da komandanın oyun sisteminə uyğun çıxış edəcək və öz işini görəcək.
Əsas odur ki, oyun gözəl keçsin, heç bir problem yaşanmasın və azarkeşlər qarşılaşmadan zövq alsınlar. Nəticə necə olursa-olsun, biz "Sabah"a azarkeşlik edəcəyik.
Bahar RÜSTƏM