UEFA Çempionlar Liqasının rəsmi saytı 5-ci turun "Sabah" - "Barselona" qarşılaşması öncəsi komandalarla bağlı maraqlı faktları və statistik göstəriciləri açıqlayıb.
İdman.Biz xəbər verir ki, qurumun diqqət çəkdiyi məqamlardan biri "Sabah"ın ev oyunları ilə bağlı statistikasıdır.
Bakı təmsilçisinin UEFA turnirlərində keçirdiyi 13 ev matçının heç biri heç-heçə ilə başa çatmayıb. Komanda bu görüşlərin 8-də qələbə qazanıb, 5-də məğlub olub. Bundan başqa, "Sabah"ın UEFA turnirlərindəki 26 qarşılaşmasının heç biri qolsuz heç-heçə ilə yekunlaşmayıb.
UEFA daha bir maraqlı məqama diqqət çəkib. "Sabah"ın polşalı müdafiəçisi Timoş Puxaçla "Barselona"nın polşalı qapıçısı Voyçex Şesni ilə milli komandada birlikdə çıxış ediblər. Onlar sonuncu dəfə 2024-cü ilin martında eyni vaxtda meydanda olublar.
Kataloniya təmsilçisinin statistikası da diqqətçəkəndir. "Barselona"nın qrup və liqa mərhələsində keçirdiyi son 22 matçın hər birində azı 3 qol vurulub. Bu qarşılaşmalarda ümumilikdə 105 qol qeydə alınıb. Beləliklə, oyun başına orta hesabla 4,77 qol düşür. Bundan başqa, komanda Çempionlar Liqasının səfər oyunlarında ardıcıl 12 matçdır qapısını toxunulmaz saxlaya bilmir.
UEFA-nın diqqət yetirdiyi futbolçulardan biri də braziliyalı Rafinyadır. O, Çempionlar Liqasında "Barselona"nın heyətində vurduğu 23 qolla Robert Levandovski ilə klubun bombardirləri siyahısında üçüncü yeri bölüşür. Bu göstəricidə Lionel Messi 120, Luis Suares isə 25 qolla öndədir. Rafinya son 26 Çempionlar Liqası matçında 23 qol vurub, son 4 görüşdə isə 6 dəfə fərqlənib.
Digər diqqətçəkən məqam Lamin Yamalın mümkün rekordudur. 19 yaşlı ispaniyalı hücumçu "Sabah"la görüşdə qol vuracağı təqdirdə Çempionlar Liqasında 15 qola çatan ən gənc futbolçu olacaq. Hazırkı rekord Erlinq Haalanda məxsusdur. Norveçli hücumçu bu göstəriciyə 20 yaş 126 günlük olarkən nail olub.
Qeyd edək ki, "Sabah" - "Barselona" qarşılaşması noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.