"Aston Villa"nın baş məşqçisi Unai Emeri "Qalatasaray"la keçiriləcək UEFA Çempionlar Liqası matçı öncəsi RAMS Park stadionunun ot örtüyü ilə bağlı danışıb.
Apasport.az xəbər verir ki, ispaniyalı mütəxəssis UEFA-nın meydançanın vəziyyətinə görə İngiltərə klubuna stadionda məşq keçirməyə icazə vermədiyini açıqlayıb:
"UEFA bizə ot örtüyünün yaxşı vəziyyətdə olmadığı üçün orada məşq edə bilməyəcəyimizi söylədi. Buna görə də hazırlığımızı öz bazamızda davam etdirəcəyik. Heç bir bəhanəmiz yoxdur. Hər iki komanda eyni meydanda oynayacaq".
Bu qərardan sonra "Aston Villa"nın hazırlıq proqramında dəyişiklik edilib. Komanda son məşqini İngiltərədə keçirərək daha sonra İstanbula yollanacaq.
"RAMS Park"ın ot örtüyündəki problemlər səbəbindən "Qalatasaray"ın noyabrın 21-də "Samsunspor"la keçirdiyi Türkiyə Superliqası matçı da başqa arenaya köçürülmüşdü. İstanbul təmsilçisi həmin görüşü "Başakşəhər Fatih Terim" stadionunda keçirib (2:1).
Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turuna təsadüf edən "Qalatasaray" – "Aston Villa" qarşılaşması noyabrın 24-də, Bakı vaxtı ilə saat 21:45-də |RAMS Park"da başlayacaq.