"Şəfa"nın futbolçusu Musa Quel "Apasport"a müsahibə verib.
O, Misli Premyer Liqasının XIII turunda "İmişli" üzərində qazandıqları qələbədən, komandanın hazırkı durumundan və "Neftçi" ilə keçirəcəkləri qarşılaşmadan danışıb.
– "İmişli" ilə qarşılaşma barədə düşüncələrin...
– Çox yaxşı oyun keçirdik. Matça istədiyimiz kimi başladıq və erkən qol vurduq. Bundan sonra öz futbolumuzu oynadıq. Yüksək tempdə, əzmkar və qələbəyə köklənmiş şəkildə mübarizə apardıq. Sonda da istəyimizə nail olduq.
– Əvvəlki qarşılaşmalarda yaxşı oyun nümayiş etdirsəniz də, istədiyiniz nəticələri qazana bilmirdiniz. Bunun səbəbi nə idi?
– Açığı, bunun konkret səbəbini özümüz də bilmirik. Nəticə qazanmaq üçün əlimizdən gələni edirik. Amma futbolda bəzən yaxşı oynayırsan, nəticə qazana bilmirsən. Bəzən isə zəif çıxış etsən də, qalib gəlirsən. Son vaxtlar bəxt də bizim tərəfimizdə deyildi. Bu dəfə isə fərqli oldu. Ümid edirəm ki, belə davam edəcəyik.
– Komandada uyğunlaşma prosesi artıq başa çatıb, yoxsa hələ zamana ehtiyacınız var?
– Düşünürəm ki, artıq bir-birimizi daha yaxşı tanıyırıq. Birlikdə 12-13 oyun keçirmişik. Bəlkə də, bir qədər zamana ehtiyacımız var. Amma indiyədək birlikdə yaxşı işlər görmüşük. Hazırda meydanda bir-birimizi daha yaxşı anlayırıq. Ümid edirəm ki, inkişafımız davam edəcək.
– Vurduğun qolu necə şərh edərdin?
– Həmin epizodda hadisələrin gedişatını əvvəlcədən hiss etdim. Maudonun topu irəli göndərməyə hazırlaşdığını gördüm. Ona güvəndim və müdafiəçini qabaqladım. Əvvəlcə topu yaxşı qəbul etməyə, sonra isə zərbə endirməyə çalışdım. Nəticədə qol vurdum. Allaha şükür, buna görə çox xoşbəxtəm.
– Qarşıdakı "Neftçi" ilə oyunda komandanızın şanslarını necə qiymətləndirirsiniz?
– "Neftçi" ilə oyuna özümüzə inanaraq çıxacağıq. Rəqibin güclü komanda olduğunu və hansı keyfiyyətlərə malik olduğunu bilirik. Amma bu, futboldur. Öz üstünlüklərimizdən istifadə edərək müsbət nəticə qazanmağa çalışacağıq. Çətin qarşılaşma olacaq. Buna baxmayaraq, yaxşı nəticə əldə edəcəyimizə ümid edirəm.