Premyer Liqanın 13-cü turunun əsas qarşılaşmalarından biri Tovuzda baş tutacaq.
Şənbə günü "Turan Tovuz" doğma meydanda "Kəpəz"i qəbul edəcək.
Bu komandalar arasındakı prinsipiallıq barədə uzun-uzadı danışmağa ehtiyac yoxdur.
Qərb derbisi adlandırdığımız qarşılaşmalar komandaların durumundan, turnir cədvəlindəki mövqeyindən asılı olmayaraq hər zaman öz gərginliyi və xüsusi atmosferi ilə yadda qalıb.
Budəfəki duel tribunalarda yaşanacaq mənzərəyə görə əvvəlkilərdən müsbət mənada fərqlənəcək.
"Turan Tovuz"un son matçlarda uğurlu çıxış edərək qələbələri sıralaması yerli azarkeşləri sevindirib. Bu üzdən Tovuz şəhər stadionunun dolacağına şübhə yoxdur.
Gəncəli fanatlar da derbidə diqqət mərkəzində olacaqlar.
Əldə etdiyimiz məlumata görə, qarşılaşma günü təxminən 200 "Kəpəz" azarkeşi Gəncədən Tovuza yollanacaq.
Komandanın mövsümə iddialı başlaması və uğurlu çıxışı yerli fanatların səfər matçı üçün marağını artırıb. Onlar bu vacib qarşılaşmada komandalarını tək qoymamaq qərarına gəliblər.
"Xəmsə", "Kəpəz Ultras", "Zona 20" və "Cavadxan" azarkeş qruplarının üzvlərinin də səfərdə iştirakı gözlənilir. Ümumilikdə, Gəncədən Tovuza təxminən 200 nəfərlik azarkeş ordusunun gələcəyi bildirilir. Onlar üçün xüsusi avtobuslar ayrılacaq.
Noyabrın 28-də Tovuz şəhər stadionunda keçiriləcək qarşılaşma saat 16:30-da başlayacaq.
HƏBİB / SPORTİNFO.AZ