"Roma" futbolçu Paulo Dibala və Nauel Molinanın Argentina millisinin Beninlə keçirəcəyi oyunda iştirak etməyəcəyini açıqlayıb.
İdman.Biz xəbər verir ki, oktyabrın 6-da keçiriləcək qarşılaşma Lionel Messinin Argentina millisində vida oyunu olacaq. "Roma" hər iki futbolçunun bu münasibətlə Argentinada təşkil olunacaq tədbirdə iştirak etməsinə icazə verməyib.
Klub Messi ilə dostluq münasibətləri və 2022-ci il dünya çempionatındakı birgə zəfər səbəbindən bu hadisənin Dibala və Molina üçün nə qədər vacib olduğunu anladığını bildirib.
Qərarın idman və logistika amilləri, xüsusən də qitələrarası uçuşun uzunluğu və qarşıdakı rəsmi oyunların yaxınlığı ilə bağlı olduğu qeyd edilib.
"Roma" Lionel Messiyə və onun möhtəşəm karyerasına dərin hörmətlə yanaşır. Həmçinin ona və Argentina Futbol Assosiasiyasına möhtəşəm bir gecə arzulayır", - klubun rəsmi saytında yayımlanan bəyanatda deyilir.
Qeyd edək ki, Argentina - Benin matçı oktyabrın 6-dan 7-nə keçən gecə Bakı vaxtı ilə saat 03:00-da keçiriləcək. "Roma"nın növbəti rəsmi oyunu isə oktyabrın 11-də A Seriyasında səfərdə "Komo"ya qarşı olacaq.