"Sabah" futbol komandasının polşalı müdafiəçisi Timoteuş Puxaç UEFA Çempionlar Liqasında "Barselona"ya qarşı keçirdiyi oyundan sonra ölkəsində sərt tənqidlərə məruz qalıb.
İdman.Biz xəbər verir ki, Polşa millisinin sabiq futbolçusu Artur Vixnyarek "Kanal Sportowy"nin efirində həmyerlisinin açıqlamalarına kəskin münasibət bildirib.
"Barselona"nın almaniyalı futbolçusu Karim Adeyemi qarşılaşma ərzində Puxaça ciddi problemlər yaradıb. Epizodların birində polşalı müdafiəçi rəqibini nəzarətsiz qoyaraq onun yaxın məsafədən qol vurmasına imkan verib.
Qarşılaşmadan sonra "Canal+Sport"a açıqlama verən Puxaç həmin epizodda çarəsiz qaldığını bildirib:
"Belə vəziyyətdə qapını xilas etmək çətindir. Top qapının qarşısından keçir. Ya öz qapına qol vurursan, ya da rəqib fərqlənir".
Son vaxtlar mütəmadi olaraq "Sabah"ın müdafiəçisini tənqidlərdən qoruyan Vixnyarek bu dəfə onun açıqlamasından ciddi narazılığını ifadə edib:
"Düşünürəm ki, emosiyalarını cilovladıqdan sonra dediklərini yenidən oxusan, fikrini dəyişərsən. Belə bir şeyi necə deyə bilərsən? Yəni topa doğru hərəkət etsəydin, mütləq avtoqol vuracaqdın? Bu nə məntiqdir?
Sadəcə etiraf et ki, səhv etdin, diqqətini itirdin, həvəsin yox idi və ya yorğun idin. Belə bəhanələr olmaz. Mən penaltini yerinə yetirəndə qol vura bilmirdimsə, qapıçının möhtəşəm oynadığını demirdim. Sadəcə pis zərbə endirdiyimi etiraf edirdim. Vəssalam".
Sabiq futbolçu Puxaçın açıqlamasını Polşa millisinin müdafiədə yol verdiyi səhvlərlə də əlaqələndirib:
"Belə açıqlamaları eşidəndə millimizin müdafiədə niyə bu qədər səhvə yol verdiyini anlayıram. Əgər buraxdığımız qollardan sonra hər bir futbolçu məşqçiyə bu cür bəhanələr gətirirsə, müdafiədə oyunumuzu yaxşılaşdıra bilməyəcəyimizə şübhəm yoxdur.
Timoteuşa müraciət edirəm: Adeyemini bu şəkildə nəzarətsiz qoymaqdansa, öz qapına qol vurmağına üstünlük verərdim. O, topu boş qapıya göndərir və üzünə gülür".
Xatırladaq ki, UEFA Çempionlar Liqasının liqa mərhələsinin beşinci turunda Bakıda keçirilən qarşılaşma "Barselona"nın 4:1 hesablı qələbəsi ilə başa çatıb. Kataloniya təmsilçisinin heyətində Entoni Qordon dubla imza atıb, Karim Adeyemi və Qabriel Jezus isə hərəyə bir qol vurublar.