Noyabrın 27-də Almaniya Bundesliqasında 11-ci tura start veriləcək. Üç gün davam edəcək turun proqramına doqquz qarşılaşma daxildir.
İdman.Biz xəbər verir ki, əvvəlki turun nəticələrindən sonra çempionatda lider dəyişib. Dortmund "Borussiya"sı 24 xalla birinci pilləyə yüksəlib. "Bavariya" və "Frayburq" 22 xalla ikinci və üçüncü yerləri bölüşür. "RB Leypsiq" 21 xalla dördüncü, Leverkuzen "Bayer"i isə 19 xalla beşinci sıradadır.
Beləliklə, ilk beşlikdəki komandaları cəmi beş xal ayırır. Bu amil qarşıdakı turun əhəmiyyətini daha da artırır.
"Hamburq" - "Bavariya"
Münhen təmsilçisi ciddi heyət problemləri və ardıcıl iki uğursuz nəticədən sonra Hamburqa yollanacaq. Vensan Kompaninin rəhbərlik etdiyi komanda ötən tur doğma meydanda "Köln"lə heç-heçə edib – 1:1. Həftəiçi isə UEFA Çempionlar Liqasında Fransanın "Lill" klubuna 1:2 hesabı ilə uduzub.
Münhen təmsilçisi üçün ən ciddi itki Harri Keynin yoxluğudur. "Qızıl top"un sahibi topuq bağlarının qopması səbəbindən əməliyyat olunub və bir neçə ay yaşıl meydanlardan kənarda qalacaq. Bundan başqa, Manuel Noyer, Alfonso Deyvis, Serj Qnabri, Maykl Olise və İsmail Saybari də zədə səbəbindən komandaya kömək edə bilməyəcəklər.
"Hamburq" isə əvvəlki turda şimal derbisində "Verder"ə 0:4 hesabı ilə məğlub olub. Bununla belə, komanda Bundesliqada son üç ev oyununda qələbə qazanıb. Bu, klubun 2025-ci ildə elitaya qayıdışından bəri ilk belə seriyasıdır.
Ev sahiblərinin də heyətində ciddi itkilər var. Baş məşqçi Merlin Poltsin qarşıdakı görüşdə Miro Muxaym, Yussuf Poulsen, Nikolay Remberq, Bilal Nadir və Albert Sambi Lokonqanın xidmətindən yararlana bilməyəcək.
Tərəflər arasındakı oyunların statistikası isə "Bavariya"nın üstünlüyünü göstərir. Münhen klubu "Hamburq"a qarşı son 21 rəsmi matçda məğlub olmayıb və bu görüşlərin 17-də qələbə qazanıb. Hamburq təmsilçisi sonuncu dəfə 2009-cu ilin sentyabrında rəqibini məğlub edib – 1:0.
Bundan başqa, Kompaninin komandası Bundesliqada səfərdə keçirdiyi son 31 oyunda da uduzmayıb. Qələbə "Bavariya"ya ən azı müvəqqəti olaraq liderliyə qayıtmaq imkanı verəcək. Lakin çoxsaylı itkilər Münhen təmsilçisinin işini xeyli çətinləşdirə bilər.
"Frayburq" - "RB Leypsiq"
Son turlarda uğurlu çıxış edən iki komandanın qarşılaşması turun ən maraqlı oyunlarından biri olmağa namizəddir.
"Frayburq" Bundesliqada tarixinin ən yaxşı startını nümayiş etdirir. Yulian Şusterin rəhbərlik etdiyi kollektiv 10 oyunda yeddi qələbə qazanıb. Komanda çempionatda son üç matçını da qalib başa vurub.
"RB Leypsiq"in nəticələri isə daha təsirli görünür. Martin Demikelisin komandası ardıcıl dörd turda qələbə qazanıb. Sonuncu görüşündə səfərdə Berlin "Union"unu 5:1 hesabı ilə darmadağın edib. 32 qolla Saksoniya təmsilçisi çempionatın ən məhsuldar komandasıdır.
Hər iki kollektiv həftəiçi avrokuboklarda da uğurlu çıxış edib. "RB Leypsiq" UEFA Çempionlar Liqasında Fransanın "Lans" klubunu 3:1, "Frayburq" isə Konfrans Liqasında Niderlandın "Tvente" komandasını 2:1 hesabı ilə məğlub edib.
Qonaqların bərpa olunmaq üçün iki gün daha çox vaxtı olacaq. Bununla belə, heyət baxımından üstünlük meydan sahiblərinin tərəfindədir. "Frayburq"da yalnız Florent Musliya sıradan çıxıb. "RB Leypsiq" isə Força Gebel, Mark Giu və Assan Uedraoqonun xidmətindən yararlana bilməyəcək. Fransa millisinin müdafiəçisi Kastello Lukebanın meydana çıxması da sual altındadır.
Komandalar indiyədək rəsmi matçlarda 24 dəfə üz-üzə gəliblər. Bu qarşılaşmaların 13-də "RB Leypsiq" qalib gəlib, beşi "Frayburq"un üstünlüyü ilə başa çatıb, altı görüşdə isə qalib müəyyənləşməyib.
Lakin tərəflərin bu ilin mayında baş tutan son qarşılaşmasında "Frayburq" 4:1 hesablı böyük qələbə qazanıb. Qarşıdakı oyunda qazanılacaq üç xal komandaların çempionluq mübarizəsində mövqeyini gücləndirə bilər. Rəqiblərin xal itirməsi halında isə qalib komanda liderliyə də yüksələ bilər.
Dortmund "Borussiya"sı - "Bayer"
Turun mərkəzi qarşılaşması "Siqnal İduna Park" stadionunda keçiriləcək. Çempionatın yeni lideri özünün birbaşa rəqiblərindən birini qəbul edəcək.
Niko Kovaçın rəhbərlik etdiyi Dortmund təmsilçisi "Bavariya" ilə yanaşı, cari mövsümdə hələ məğlub olmayan iki komandadan biridir. Bundan başqa, "Borussiya" Bundesliqanın ən etibarlı müdafiəsinə malikdir. Komanda 10 oyunda cəmi yeddi qol buraxıb.
Dortmundlular ötən turda Feliks Nmeçanın qolu sayəsində Mönxenqladbax "Borussiya"sını 1:0 hesabı ilə məğlub ediblər. Həftəiçi isə UEFA Çempionlar Liqasında səfərdə London "Arsenal"ı ilə heç-heçə ediblər – 1:1.
"Bayer" isə çempionatda ardıcıl iki qələbə qazanıb. Leverkuzen təmsilçisi əvvəlcə "Köln"ü 2:0, daha sonra "Paderborn"u 4:0 hesabı ilə məğlub edib. Karles Martinesin komandası cümə axşamı UEFA Avropa Liqasında da səfərdə Zaqreb "Dinamo"suna 2:0 hesabı ilə qalib gəlib.
Dortmund təmsilçisində Emre Can, Samuele İnasio, Yannis Konstantelias və Jastin Lerma zədə səbəbindən meydana çıxa bilməyəcəklər. "Bayer"də isə Martin Terrye sıradan çıxıb. Kennet Ayxhorn hələ lazımi oyun formasını bərpa etməyib. Bununla belə, qonaqlar üçün sevindirici məqam Gelu Dueyun sıraya qayıtmasıdır. O, Zaqrebdəki görüşdə meydana çıxıb.
Qarşılaşmada diqqət mərkəzində olacaq futbolçulardan biri də "Bayer"in hücumçusu Patrik Şikdir. Çexiyalı forvard cari mövsüm Bundesliqada doqquz qol vurub. O, Almaniya çempionatında karyerası ərzində 100-cü qoluna çatmaq üçün daha bir dəfə fərqlənməlidir.
Qeyd edək ki, "Bayer" ötən mövsüm Dortmundda keçirilən hər iki qarşılaşmada – həm çempionatda, həm də Almaniya Kubokunda rəqibinə qalib gəlib. Bununla belə, "Borussiya" avqust ayından bəri bütün turnirlərdə doğma meydanda məğlub olmayıb. Dortmund klubu bu müddətdə yeddi qələbə qazanıb, bir dəfə heç-heçə edib.
Qarşıdakı görüşdə qələbə qazanacağı təqdirdə, "Bayer" liderlə xal fərqini ikiyə endirəcək və çempionluq mübarizəsini daha da gərginləşdirəcək.
Bundesliqa
11-ci tur - Bakı vaxtı ilə
27 noyabr
23:30. "Verder" – Mönxenqladbax "Borussiya"sı
28 noyabr
18:30. "Maynts" – Berlin "Union"u
18:30. "Hamburq" – "Bavariya"
18:30. "Köln" – "Elversberq"
18:30. "Paderborn" – "Şalke"
21:30. "Ştutqart" – "Ayntraxt"
29 noyabr
18:30. "Frayburq" – "RB Leypsiq"
20:30. "Hoffenhaym" – "Auqsburq"
22:30. Dortmund "Borussiya"sı – "Bayer"
Turnir cədvəli
Dortmund "Borussiya"sı – 24 xal
"Bavariya" – 22
"Frayburq" – 22
"RB Leypsiq" – 21
"Bayer" – 19
"Verder" – 18
"Ayntraxt" – 15
"Ştutqart" – 13
"Elversberq" – 13
"Auqsburq" – 12
"Hoffenhaym" – 12
"Hamburq" – 12
"Maynts" – 10
"Köln" – 10
"Paderborn" – 10
"Şalke" – 7
Berlin "Union"u – 7
Mönxenqladbax "Borussiya"sı – 4.