Azərbaycan idmançısı Aydın Əlibəyov Rusiyanın paytaxtı Moskvada atçılığın dresaj növü üzrə keçirilən beynəlxalq turnirin qalibi olub.
Bu barədə "Report"a Azərbaycan Respublikası Atçılıq Federasiyasından məlumat verilib.
"Vivat Rossiya" atçılıq mərkəzində təşkil olunan yarışda A.Əlibəyov 4 cavan atla çıxış edib.
O, turnirin ilk günündə dörd yaşlı atların mübarizəsində "Virakoça S" ləqəbli atla 92% nəticə ilə birinci, "Belle Fleur" atı ilə isə 84,4% nəticə ilə üçüncü olub.
İdmançı yarışların ilk günündə 5 yaşlı atlarla da mübarizə aparıb və ilk iki yerə sahib olub. "Roxuş" atı 83,6%-lə çempion olduğu kateqoriyada, "Dancing Rose" 82,2%-lə ikinci nəticə göstərib.
4 yaşlı atların mübarizəsində "Virakoça S" və "Belle Fleur" atları müvafiq olaraq 91% nəticə ilə qalib və 83,6% göstərici ilə üçüncü olub. 5 yaşlı atların yarışında isə "Dancing Rose" 83,4% göstərici ilə gümüş, "Roxuş" isə 81,6% nəticə ilə bürünc medala layiq görülüb.
İki günün nəticəsinə görə cavan atların yarışında turnirin həm fərdi yarışlarında həm mütləq mübarizəsində qalib adını da məhz Aydın Əlibəyov qazanıb.